Xocavənd rayonunun Xocavənd qəsəbəsində yerləşən Mədəniyyət Evində Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının 9-cu konfransı keçirilib. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının memarı, Ulu Öndər Heydər Əliyevin Xocavənd rayon icra hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Dahi Şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət Evində keçirilən konfrans Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Həmçinin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və 2-5 aprel tarixlərində cəbhə xəttində erməni təxribatlarının qarşısını alarkən həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra YAP Xocavənd rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov çıxış edərək, konfransın gündəliyində duran məsələlər barədə məlumat verib. A.Süleymanov respublikamızın ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması tarixindən ətraflı məlumat verərək bildirib ki, 24 illik böyük və şərəfli inkişaf yolu keçən partiyamız bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Natiq, həmçinin Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının 8-ci konfransından keçən müddət ərzində görülən işlər barədə konfrans iştirakçılarına geniş məlumat verib.
Daha sonra konfransın gündəliyində duran digər məsələlər- YAP Xocavənd rayon təşkilatı sədrinin, idarə heyətinin və siyasi şuranın, nəzarət-təftiş qrupu üzvlərinin seçilməsi ilə konfrans öz işini davam etdirib.
Konfransda çıxış edən YAP Siyasi Şuranın üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Yeni Azərbaycan Partiyasının inkişaf tarixindən geniş məlumat verərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində son illərdə dünyada baş verən dərin siyasi və iqtisadi böhranlara baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi inkişaf göstəriciləri qorunub saxlanılmış, əhalinin ümumi rifah halı yaxşılaşmışdır. F.Əliyev son günlər cəbhə xəttində baş verən erməni təxribatları haqqında danışaraq bildirib ki, Milli Ordumuz tərəfindən bütün təxribatların qarşısı alındı və düşmənə layiqli cavab verildi: "İndi bizim güclü ordumuz var, ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmri ilə bütün torpaqlarımızı azad etməyə gücümüz var və yaxın günlərdə hər birimiz öz doğma torpaqlarımıza qayıdacağıq".
Konfransda çıxış edən Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını vurğulayıb: "Xalqımız ölkənin ağır vəziyyətdən yeganə çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişində görərək təkidli tələb ilə Onu Azərbaycana dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq, 1993-cü ilin iyun ayında Bakıya gəldi və bununla Azərbaycan dövləti, xalqı müstəqilliyini itirmək kimi böyük bir təhlükədən xilas oldu.
Rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyev tərəfindən görülən işlər barədə geniş məlumat verdi. Həmçinin, 2-5 aprel tarixlərində cəbhə xəttində ermənilərin törətdikləri təxribatlar haqqında danışaraq qeyd etdi ki, qüdrətli ordumuz düşmənə layiqli cavab verdi və bir sıra mühüm strateji postlar düşməndən geri alındı: "Yaxın vaxtlarda ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində, biz öz doğma torpaqlarımızı düşməndən azad edəcəyik".
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olundu.
Ü.ƏSGƏROV