PDF Oxu

Sosial

  • 89

Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə konfrans keçirilib

Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə konfrans keçirilib

Suraxanı rayonunda Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq alim və həkim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir. Növbəti tədbir Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə mərkəzdə keçirilib.

Konfrans iştirakçıları əvvəlcə, Ulu Öndərin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə yaradılmış guşədə qoyulmuş büstü önünə tər güllər düzüb, kitab sərgisinə baxıblar.

Sonra konfrans mərkəzin elektron lektoriya zalında davam etdirilib. Konfrans iştirakçıları Zərifə xanım Əliyeva haqqında "Əsl məhəbbət haqqında" filmə baxdıqdan sonra rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov giriş sözü ilə konfransı açaraq, qeyd edib ki, Zərifə xanım Əliyeva cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bugünkü tədbir də alimin xatirəsinə Suraxanı rayon ictimaiyyətinin sonsuz ehtiramının ifadəsidir:"Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. İşıqlı xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək - belə xoşbəxtlik çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır".

Konfransda məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Zərifə xanım Əliyeva milyonların qəlbində yaşayır, dərin ehtiramla və rəğbətlə anılır. Konfransda daha sonra Milli Məclisin deputatı Fərəc Quliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Dürdanə Kəngərli, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Adilə Abdullayeva və başqaları çıxış ediblər.

Konfransın işini yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı İ.Abbasov qeyd edib ki, məruzə və çıxışlarda da qeyd olunduğu kimi, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən Onun biliyində və savadında, digər tərəfdən, simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi. Zərifə xanım Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirib, onları təcəssüm etdirirdi.

Rayon rəhbəri vurğulayıb ki, Zərifə xanım Azərbaycana Cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcək.

Qeyd edək ki, konfransda Milli Məclisin deputatı Ağacan Abıyev iştirak edib.

ZÜMRÜD

Digər xəbərlər