Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim qala divarlarının arasında "Türk dünyasının mədəniyyət paytaxtı - 2016" ilinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrdən təmsilçilər, çoxsaylı qonaqlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdən öncə Şəki şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə tər çiçək dəstələri qoyulub.
Şəhərin qədim hissəsi - "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gələn iştirakçılar Azərbaycan xalqının qədim atüstü oyunu olan çövkən oyununu izləyiblər.Sonra XVII əsr Azərbaycan memarlığının nadir nümunəsi - Şəki Xan Sarayı ilə tanışlıq olub. Qonaqlara sarayın tikilmə tarixi, memarlıq üslubu, həmçinin Şəki xanlığının Azərbaycan tarixində yeri haqqında ətraflı məlumat verilib.
Qoruq ərazisindəki Yay Teatrında davam edən tədbirin rəsmi açılış mərasimini giriş sözü ilə açan Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizin bu qədim şəhərinə "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsində yer verilməsini yüksək qiymətləndirib. İcra başçısı "mədəniyyət paytaxtı" ili ərzində bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açaraq, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb:"Bugünkü açılış mərasimi ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlə eyni vaxta təsadüf edir. Aprelin 27-də Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə yekun vurmuşdur. Şəkidə keçirilən bu tədbirin iştirakçıları arasında Qlobal Forumun bir sıra fəxri qonaqlarını da görməkdən məmnunuq. TÜRKSOY həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, TÜRKSOY artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur və onun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən alqışlanır".
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə TÜRKSOY-u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirib: "TÜRKSOY son dövrlərdə mədəni irsimizin nümunələrini geniş məkanında təbliği üçün çox mühüm layihələr həyata keçirir. Qurumun dəstəyi ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası türkdilli ölkələrin incəsənət xadimlərinin iştirakı ilə təşkilata üzv olan ölkələrdə səhnələşdirilib, türkdilli ölkələrin teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri təşkil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivalları, türk dünyasının dahi şəxslərinin yubileylərini, xüsusi medal və mükafatların təsis edilməsi və digər onlarla belə uğurlu layihələri həyata keçirir".
Ə.Qarayev bildirib ki, 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunması olduqca fərəhləndirici bir haldır. Azərbaycan memarlığının ən gözəl nümunələrinin bu şəhərdə də yerləşdiyini qeyd edən nazir Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görüldüyünü, o cümlədən, müasir istirahət mərkəzlərinin, yeni hotellərin istifadəyə verildiyini vurğulayıb. "Türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində tədbirlər Şəkiyə turistlərin marağını daha da artıracaq.
Tədbirdə daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək, Şəki şəhərinin qədim mədəniyyətə malik olduğunu bildirib. Sivilizasiyalar Alyansının Qlobal Forumunun yüksək səviyyədə keçirildiyini deyən qonaq bildirib ki, Azərbaycanın hər guşəsində onun tolerant bir ölkə olduğunu görmək mümkündür.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsinin heç də təsadüf olmadığını vurğulayıb. Qeyd edib ki, Şəki şəhəri öz qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub.
Tədbirdə TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirildi. Təşkilatın mükafatları Azərbaycandan İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədova və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğluna təqdim olunub.
Qazaxıstandan "Kazaxstanskaya pravda" qəzetinin baş redaktoru Aleksandr Tarakov, "Aykın" qəzetinin baş redaktoru Nurtöre Jusip, "Ahızka" qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, Qırğızıstandan "Jetigen" qəzetinin baş redaktoru Abdilamit Jumaşev, müstəqil jurnalist Munduzbek Tentimişev və başqaları təltif olunublar.
Tədbir TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxışları ilə davam edib. Proqram rəngarəng ifalarla yadda qalıb.
ZÜMRÜD