İlham Əliyev:"Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir"
Son yüzillikdə insanların yaşayış səviyyəsi dəyişdikcə, inkişaf etdikcə turizmə rəğbət artıb. İstirahətin ən geniş yayılmış növlərindən biri olan turizm qloballaşan dünyada insan həyatının bir hissəsinə çevrilib. Tarixən turizm məkanı olaraq tanınan Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olub. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkəti ilk səyahətlər kimi qəbul olunub. Qədim ticarət yolları, tranzit layihələr Azərbaycanın tanınmasına imkan yaradıb. Lakin Azərbaycanda turizmin əsas inkişaf dövrü müstəqillikdən sonraya təsadüf edir. Dövlət tərəfindən bu sahə prioritet sahəyə seçilib, bu sahənin inkişafı məqsədilə dövlət proqramları həyata keçirilib. Ötən əsrin 90-cı illərinin sonunda turizmin inkişafı ölkənin ali qanunvericilik aktlarında əksini tapıb ki, bu da tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub. Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturun yaradılması sahəsində məqsədyönlü işlər görülüb. Ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir.
1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi. Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı", "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı" və s. hazırlandı. Turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən dövlət proqramları, layihələr turizm sahəsində böyük uğurlara səbəb olub.
Məlumdur ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi gəlirlərin artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü göstərir. Eyni zamanda, Prezidentinin Sərəncamı ilə təsdiq edilən regionlarının-sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Bununla yanaşı, hələ də bir çox turizm mərkəzlərinin yaradılması və bərpası da nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə, bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir".
Qeyd etdiyimiz kimi, turizm sahəsi yeni iş yerlərinin açılmasında önəmli rola malikdir. Bu, dünya təcrübəsində də özünün göstərir. Turizm sahəsi dünyada ən çox iş yeri təklif edən sahələrdən biridir. BMT-in Ümumdünya Turizm Təşkilatının hesablamalarına əsasən, 2029-cu ilə qədər bu sahədə çalışanların sayı 296 milyona çatmalıdır. Nəzərə alsaq ki, hazırda bu sahədə 300 milyon nəfərə yaxın insan çalışır və hesablanan işçi sayına çatılması daha qısa müddət ərzində baş verə bilər.
Azərbaycan iqtisadiyyatına gəlir gətirə biləcək turizm inkişaf dövrünü yaşayır. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Əgər əvvəllər Azərbaycanda turizm mövsümü yay mövsümi ilə bağlı idisə, bu gün Azərbaycan iqtisadi imkanları qış mövsümü anlayışını ortaya qoymuş oldu. Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı.
Bu gün Azərbaycanda turistlərin zövqlərinə uyğun böyük həcmdə istirahət imkanları mövcuddur. Son dövrlərdə ölkəmizdə turist sayının artması turizm sferasına cəlb olunan maddi, əmək və maliyyə resurslarının həcmini də artırmışdır. Bu da iqtisadiyyata öz təsirini göstərir. Azərbaycan Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun".
Azərbaycanın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də buraya istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Belə ki, Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri kimi ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpozimlar və müxtəlif görüşlər ölkəmizin tanıdılması istiqamətində uğurlar sırasındadır. Dünya ölkələrinin mətbu orqanlarında dərc olunan məqalələr, eləcə də telekanallarda yayımlanan verilişlər ölkəmizin təsviri baxımından önəmlidir. Həmin veriliş və məqalələrdə Azərbaycanın turizm potensialı, qədim tariximiz, zəngin mədəniyyətimiz və rəngarəng mətbəximiz haqqında ətraflı məlumatlar verilir. Qonaqlar tədbirlərdə iştirak etməklə yanaşı, ölkənin müxtəlif məkanlarındakı müasir turizm obyektlərində dincəlir, tarixi abidələrlə tanış olur, respublikamızın əsrarəngiz təbiətini seyr edirlər. Ölkəmizdə uğurla sona yetən "Eurovision-2012" Mahnı Müsabiqəsi, "2015-Bakı" ilk Avrpa Oyunları, V Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. beynəlxalq tədbirlər də Azərbaycanın turizm imkanlarının geniş məkanda tanımasına böyük yollar açır.
Nəzakət ƏLƏDDİNQIZI