"Su sağlamlıq deməkdir. Təmiz, içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin".
İlham Əliyev
Aqillərin dilindən səslənən məşhur kəlam var: "Su həyat mənbəyidir, dirilikdir. Su qurtaran yerdə həyat da qurtarar". Döğurdan da, çox gözəl deyimdir, həm də məntiqlidir. Harda və hanısı ərazidə su varsa, o ərazilər yaşıllığa bürünər, göz oxşayan, ruha qida verən mənzərə yaradar. Su həm də hər bir insanın sağlamlığında əsas paya malikdir. Bu mənada, keyfiyyətli içməli suya ehtiyac bu günümüzün reallığında daha da aktual məna kəsb edir. Dünyada hökm sürən içməli suya olan ehtiyac ölkəmizdən də yan keçməmişdir. Yeraltı-yerüstü sərvətlərə malik respublikamızın şirin su mənbələri azlıq təşkil edir. Hələ ötən əsrin ikinci yarısında respublikamız, əsasən də paytaxtımız Şollar-Xaçmaz və Ceyranbatan su kəmərləri sistemlərindən faydalanırdı. Ancaq yenə də ayrı-ayrı şəhər və rayonlarımızda su qıtlığı hiss olunurdu. Bu cür problemlərin aradan qaldırılması üçün 1969-cu ildən sonra, yəni Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə geniş və əhatəli işlər görülməyə başlanıldı. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1970-1971-ci illərdə I Kür Su Kəməri istifadəyə verilmişdi. 1975-1978-ci illərdə isə Ceyranbatan su qovşağında yenidənqurma işləri aparılmışdır ki, bunun da sayəsində regionun içməli su təchizatı xeyli yaxşılaşmış və Bakı şəhərinin əhalisinə suyun verilməsi üçün əlavə imkanlar yaranmışdır.
Oğuz-Qəbələ-Bakı Su Kəməri layihəsinin ideya müəllifi də Ulu Öndər Heydər Əliyevdir
Ulu Öndər 1993-cü ildə xalqın təkidi ilə yenidən respublika rəhbərliyinə gəldikdən sonra içməli su təchizatının yaxşılaşdırılmasını diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kreditlərin cəlbi ilə bağlı danışıqlara başlanıldı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. Bu, nəinki Azərbaycanda, hətta postsovet məkanında infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan alınmış ilk iri məbləğli kredit idi. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da, təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Birmənalı şəkildə demək olar ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də Ulu Öndər Heydər Əliyevdir. Məhz Onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı. Oğuz-Qəbələ-Bakı Su Kəmərinin çəkilməsinin reallaşdırılması Ulu Öndərin layiqli siyasi varisi İlham Əliyevin Prezidentlik dövrünə təsadüf etdi. Dövlətimizin başçısı bu böyük layihənin əhəmiyyətini nəzərə alaraq, su kəmərinin tikintisi üçün konkret tədbirlər gördü. Nəticədə, qısa müddətdə mütəxəssislər həmin zonanın su ehtiyatlarını, onların tərkibini, gələcəkdə çəkiləcək kəmərin keçəcəyi əraziləri öyrənməyə başladılar. Aparılan genişmiqyaslı işlər nəticəsində Dahi Şəxsiyyət Heydər Əliyevin ideya müəllifi olduğu Oğuz-Qəbələ-Bakı Su Kəməri tikilərə istifadəyə verildi. Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı Su Kəmərinin açılış mərasimdə cıxış edərkən, demişdir: "Bütün dövrlərdə Bakının içməli su ilə təmin edilməsi üçün müxtəlif tədbirlər görülürdü. Ancaq paytaxtımızın böyüməsi, şəhərdə əhalinin artması nəticəsində, əlbəttə ki, görülən tədbirlər lazımi səmərə vermirdi. Ona görə yeni mənbədən təmiz, keyfiyyətli suyun Bakıya gətirilməsi qarşımızda duran əsas məsələlərdən biri idi. Mən çox şadam ki, biz buna nail olduq. Mənə verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı Su Kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcəkdir".
Oğuz-Qəbələ-Bakı Su Kəməri işə düşəndən sonra Bakı şəhərinin su təchizatında sabitlik yaranmışdır. Görülən tədbirlər nəticəsində Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsində, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsində su təchizatının fasiləsiz aparılmasına nail olunmuşdur. Bu isə şəhər sakinlərinin Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su ilə təminatına əlavə bir töhfədir. Kəmərin açılış mərasimində çıxış edən ölkə Prezidenti İlham Əliyev demişdir: "Oğuz-Qəbələ-Bakı su kəməri böyük maliyyə vəsaiti, böyük texniki peşəkarlıq tələb edən layihədir. Biz indiyədək bu ölçüdə, bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata keçirə bilmişik".
"Su sağlamlıq deməkdir"
Regionların inkişafını, əhalinin həyat səviyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyev ölkənin şəhər və rayonlarının, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar vermişdir. Regionların, həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, eləcə də 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişafla bağlı dövlət sənədində içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər öz əksini tapmış, artıq onların böyük bir hissəsi uğurla reallaşdırılmışdır. Su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqinin də daim nəzarətdə saxlanılması zərurətini yaradır. Bu vacib məsələ ilə bağlı Prezident İlham Əliyev demişdir: "Su sağlamlıq deməkdir. Təmiz və içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin".
Ölkə başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq 900-dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzil "smart-kart" tipli sayğacla təmin edilib. Görülən işlər nəticəsində həmin binaların su təminatı yaxşılaşıb, sabit hidravlik rejim təmin edilib, dəqiq uçot qurulub, zirzəmilərə axan suların qarşısı tam alınıb. Fasiləsiz su ilə təmin olunan binaların damında quraşdırılmış çənlər yığışdırılıb. Proqramın icrası müddətində Abşeron yarımadasının yaşayış məntəqələrində 195 min "smart-kart" tipli sayğac quraşdırılıb. Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb. Bununla da, paytaxtda xidmət göstərilən əhalinin 78 faizi fasiləsiz içməli su ilə təmin olunub. Bu məqama toxunan Prezident İlham Əliyev demişdir: "Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır".
Bölgələrdə yeni su kəmərləri istismara verilir
Hazırda paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "Azərsu" ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Beynəlxalq maliyyə qurumlarının krediti hesabına Gəncə, Şəki, Göyçay, Ağdaş, Beyləqan, Şamaxı, Qəbələ, Sabirabad, Saatlı, Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində, dövlət büdcəsi vəsaiti hesabına isə Lənkəran, Biləsuvar, Hacıqabul, Kürdəmir, İmişli, Ucar, Zərdab, Mingəçevir, Şəmkir, Qax və Quba şəhərlərində infrastruktur yenidən qurulur. Bu layihələrin icrası 350-dən artıq kəndin su probleminin həllinə də imkan yaradacaq. Layihələrin icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etməsi işlərin gedişini xeyli sürətləndirib. Ötən müddətdə 10 şəhərə yeni mənbələrədən suyun verilməsi təmin edilib. Abşeron yarımadasında, həmçinin ölkənin 38 şəhər və rayonunda, 350-dən artıq kənd və qəsəbədə su layihələrinin icrasına başlanılmışdır. Bölgələrdə də müvəffəqiyyətlə reallaşdırılan və 2035-ci ilədək perspektiv inkişaf planına hesablanan içməli su və kanalizasiya layihələri bu siyasətin bariz nümunəsidir. Bu işlərin görülməsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin xususi iş qrafiki və fəaliyyəti olmuşdur. Ümumiyyətlə, son illərdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti çoxşaxəli olmuş, su təchizatı və kanalizasiya sektorunda mühüm nailiyyətlər əldə edilmişdir. Görülmüş işlərin nəticəsidir ki, 10 il əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır. Məhz "Azərsu" ASC-nin əməkdaşlarının əzmkarlığı nəticəsində 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar kəməri tikilərək istismara verilib. "Azərsu" ASC şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan kəndlərin problemlərinin həlli istiqamətində də xeyli iş görüb. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə 690 kilometr su xətti quraşdırılıb, 36 su anbarı tikilib, 135 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də su layihələri həyata keçirilib. Hazırda Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri, məhz bu mənbədən su alır. "Azərsu" ASC şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan kəndlərin problemlərinin həlli istiqamətində də xeyli iş görüb. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə 690 kilometr su xətti quraşdırılıb, 36 su anbarı tikilib, 135 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də su layihələri həyata keçirilib. Soz yox ki, bu tip layihələrin icrası bundan sonrada davam edəcək. Çünki Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin məqsədi insanlara sağlam, təhlükəsiz ömür və yüksək yaşayış bəxş etməkdir.
Ceyhun Rasimoğlu
Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün