Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı qadınlar şurası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabana gələrək görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə əklil qoydular. Ümummilli Lider Heydər Əliyevin xatirəsini anan tədbir iştirakçıları məzarı önünə gül dəstələri düzüblər.
Sonra YAP Səbail rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən söz açaraq bildirib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin həm vəfalı ömür-gün yoldaşı, həm də sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur: "1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, parlaq amalların, nəcib duyğuların, tükənməz həyat eşqinin təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanım Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il ehtiramla anılır. Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir".
T.Kərimova onu da vurğuladı ki, Zərifə xanım yaxşı ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə vurğun insan idi: "Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. O, Ulu Öndərimizə mənəvi dayaq və arxa olmuşdur. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır".
T.Kərimova akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator-alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolunun hər bir Azərbaycan vətəndaş, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu bildirdi: "Bu məktəb gələcək nəsillərimizə də öz əvəzolunmaz töhfələrini verəcək və daim Azərbaycan xalqının qəlbində yaşacaq, xatirəsini hər zaman uca tutacaq".
Tədbirdə oftalmoloq Dürdanə Gəngərli, xalq artisti Amalya Pənahova və başqaları alim Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini danışdılar. Çıxış edənlər bildirdilər ki, Zərifə xanım hər zaman nursuz gözlərə işıq paylamaq, füsunkar gözəlliyə həsrət qalan insanların gözlərinə həyat eşqini qaytarmaq arzusunda olub və Onun nurlu xatirəsi daima Azərbaycan xalqının qəlbində yaşayacaq.
R.HÜSEYNOVA