Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında rayon icra hakimiyyətinin və mərkəzin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda 2015-2016-cı tədris ilində sonuncu açıq dərs keçirilib.
Açıq dərsdə rayonun 85, 114, 140, 270 və 280 nömrəli tam orta məktəblərin 9-11-ci sinif şagirdləri iştirak edib. "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 2015-2016-cı tədris ilində ayda bir dəfə keçirilmiş və rayonun bütün məktəblərini əhatə edib. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən rayon tədbirində açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaq.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olub, mərkəzin sifarişi ilə hazırlanmış "Əyilməz iradə" filmini izləyiblər. Açıq dərs dövlət himninin oxunması ilə başlanıb. Dərsin mövzusunu elan edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır:"Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş Ulu Öndər Heydər Əliyev öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz Şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirib. Ümummilli Liderimiz Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu Dahi İnsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib".
B.Barxudarov xüsusi vurğulayıb ki, bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru, məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir.
Açıq dərsdə 280 nömrəli tam orta məktəbin müəllimi Səidə Nəbiyeva "Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı", 281 nömrəli tam orta məktəbin müəllimi Flora Osmanova "Nitq mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu", 97 nömrəli tam orta məktəbin direktoru Solmaz Səfərova "Heydər Əliyev - dünya miqyaslı siyasətçi" mövzularında dərs deyiblər.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto və video materiallarla şagirdlərin diqqətinə çatdırılıb.
ZÜMRÜD