Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli, qətiyyətli mövqeyi dəyişməz olaraq qalır. Azərbaycanın xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımları hələ də cavabsızdır. Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq iyrənc siyasətini davam etdirməkdədir. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib, eləcə də, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyib, işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, bütün həmsədr ölkələr - ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:"Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin... Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın".
Göründüyü kimi, ölkəmizin dövlətlərarası münasibətlərdə ikitərəfli əlaqələrə üstünlük verilməsi isə, o deməkdir ki, Azərbaycan bütün hallarda beynəlxalq hüquq müstəvisində sivil, bərabərhüquqlu münasibətləri üstün tutur, bu və digər mübahisəli məsələnin həllində də, bilavasitə hüquqi prinsipləri önə çəkir. Eyni zamanda, Azərbaycan ümumi rifah, bəşəriyyətin təhlükəsizliyi, inkişafı, tərəqqisi naminə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ciddi şəkildə əməl edir.
Ermənistanın isə bu vəziyyətdə reallığı qəbul etməkdən, beynəlxalq hüququn prinsiplərinə ehtiramla yanaşaraq, işğal olunmuş ərazilərimizi azad etməkdən başqa çıxış yolu olmadığı halda, öz "siyasətini" hələ də davam etdirir. Dünya ictimaiyyəti, mətbuatı buna münasibətini ardıcıl olaraq bildirir. Bu günlərdə Amerikada çıxan "The Daily Caller" qəzetində siyasi icmalçı Ceyson Katsın "Ermənistanın və onun qonşularının diqqətli təhlili" sərlövhəli məqaləsində Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilir. Ermənistanın siyasi, iqtisadi və diplomatik baxımdan başqa dövlətlərdən tamamilə asılı vəziyyətdə olduğunu göstərərək yazır ki, bu asılılıq "fayda" ilə deyil, onunla bağlıdır ki, Ermənistan rəhbərliyi müstəqil dövləti necə qurmaq lazım olduğunu əsla anlamır:"Ermənistan keçmiş SSRİ məkanında yeganə respublikadır ki, onun ərazisində başqa dövlətin hərbi bazaları yerləşir. Təsəvvür etmək çətin olsa da, Ermənistanı "müstəqilliyə" və öz qonşuları ilə münasibətlərini bərpa etməyə doğru aparan məhz keçmiş militaristlərdir".
Xocalıda insanlığa sığmayan soyqırımına münasibət bildirən müəllif Ermənistanın indiki prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tom de Vaala müsahibəsini xatırladıb. Müəllif yazır ki, Serj Sarkisyan açıq etiraf edib ki, Xocalıda dinc sakinlərin kütləvi şəkildə qırılmasını təşkil edən o olub: "Ermənistanını əvvəlki rəhbərliyinin ölkə parlamentinin binasında atəşə tutulması faktı isə Ermənistanın indiki rəhbərlərinin hansı siyasi dəyərlərə üstünlük verməsini açıq-aydın göstərir".
Müəllif məqalədə ermənilər tərəfindən din amilindən riyakarcasına istifadə edilməsi, bu amilin ermənilərlə azərbaycanlılar arasında münaqişənin səbəbi kimi qələmə verilməsi irqçilik əlaməti olduğunu da göstərir. Məqalədə daha sonra erməni terrorizmi, o cümlədən azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş erməni silahlıları və "Arabo" bandasına da nəzər salınır.
Kats məqalənin sonunda yazır ki, Ermənistan Türkiyə üçün, NATO üçün və bütün region üçün təhlükə mənbəyidir, çünki həqiqətən, müstəqil dövlət o ölkədir ki, öz qonşuları ilə sülhü bərqərar etməyə çalışsın.
Ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın işğalçı Ermənistanla müqayisədə iqtisadiyyatının inkişaf etməsi danılmaz faktdır. Təbii ki, regional tərəqqi, inteqrasiya və inkişaf proseslərindən təcrid olunan Ermənistan nə siyasi, nə də iqtisadi tərəfdaş kimi digər ölkələr üçün maraqlı deyil.
Azərbaycanın uğurlu, davamlı, dinamik inkişafı onu göstərir ki, ölkəmiz beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında suverenliyini və ərazi bütövlüyünü tam təmin etmək iqtidarındadır.
NƏZAKƏT