Tədbirdə Avropanın 24 ölkəsinin stomatoloji assosiyasiyalarının rəhbərləri iştirak edirlər
Dünən Bakıda "Hilton" otelində Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası öz işinə başlayıb. Plenar sessiyanın işində Ümumdünya Stomatoloqlar Federasiyasının prezidenti, professor doktor Patrik Heskot və Avropanın 24 ölkəsinin stomatoloji assosiyasiyalarının rəhbərləri iştirak edirlər.
Sessiyanı giriş sözü ilə açan Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının prezidenti Filipp Rusca bu tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib. O, sessiyada faydalı müzakirələrin aparalıcağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşı Məhərrəm Əhmədov bildirib ki, Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyasının Bakıda keçirilməsi çox əlamətdar bir hadisədir: "Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra səhiyyə, eləcə də stomat ologiya sahəsi daim diqqət mərkəzində olub". O, tədbirin işinə uğurlar arzulayıb.
Sessiyada çıxış edən Ümumdünya Stomatoloqlar Federasiyasının prezidenti, professor Patrik Heskot tədbirin əhəmiyyətini vurğulayıb.
Çıxış edən Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti Rəna Əliyeva belə bir tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. Rəna Əliyeva qeyd edib ki, ASA ölkə daxilində olduğu kimi, beynəlxalq fəaliyyətini də uğurla davam etdirir: "Assosiasiyamızın əsas məqsədlərindən biri də məhz beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da möhkəmləndirməkdir. Bu gün tam əminliklə deyə bilərik ki, biz buna nail olmuşuq. Bütün bu uğurların kökündə şübhəsiz ki, Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğısı dayanır. Biz də, öz növbəmizdə dövlət başçısının səhiyyə işçilərinə göstərdiyi etimadını doğrultmağa çalışır, bu yöndə fəaliyyətimizi daha da irəliyə aparmağı düşünür, yeni-yeni uğurlara imza atmağı qarşımıza məqsəd kimi qoymuşuq. Hesab edirəm ki, bu sahədə qazanılan uğurlarımız kifayət qədərdir".
R.Əliyeva onu da əlavə edib ki, Avropanın stomatoloji assosiasiyalarının rəhbərlərinin Azərbaycan barədə fikirləri yüksək səviyyədədir.
Daha sonra Azərbaycan Stomatologiya Assosiasiyasının təqdimatı olub. Azərbaycan Stomatologiya Assosiasiyasının vitse-prezidenti Kamran Şahbazov qonaqları Bakıda görməkdən şad olduğunu deyib. O bildirib ki, ASA 1998-ci ildən Ümumdünya Stomatoloqlar Federasiyasının, 2003-cü ildən isə Avropa regional təşkilatının üzvüdür. K.Şahbazov assasiasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Qeyd edək ki, sessiyanın işi zamanı XXI əsrdə Avropa stomatologiyasının gündəmi, məqsəd və vəzifələrini müzakirə edilib. Həmçinin, Avropada liberal diş təcrübəsi üzrə işçi qrupunun fəaliyyətinin nəticələri dinlənilib, praktiki həkimlərin universitetlərlə qarşılıqlı əlaqəsi, inteqrasiya, stomatologiyada keyfiyyət, fasiləsiz tibbi təhsil, Stomatoloji idarə komandası, büdcə və digər məsələlər müzakirə olunub. Çıxış edənlər bu sahədə ölkələr arasında olan əməkdaşlıqdan məmnun olduqlarını və bu yöndə yeni layihələrin hazırlandığını diqqətə çatdırıblar.
Qeyd edək ki, sessiyanın gedişi zamanı Avropa regional təşkilatının rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermə zamanı "Elekt" şirkətinin prezidenti Anna Lella Avropa regional təşkilatının prezidenti seçilib.
Eyni zamanda bildirilib ki, 2016-cı ilin sentyabr ayında Poznan şəhərində keçiriləcək Ümumdünya Stomatoloqlar Federasiyasının illik konqresi zamanı təltifetmə taktikası işlənib hazırlanacaq. Qeyd edək ki, təşkilatın növbəti plenar sessiyasının 7 aprel 2017-ci il tarixində Cenevrə şəhərində keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası aprelin 30-da öz işini yekunlaşdıracaq.
RƏFİQƏ HÜSEYNOVA