2-5 aprel tarixlərində cəbhə xəttində həyata keçirilən hərbi əməliyyatlar, atəşkəs rejimini pozan erməni silahlı birləşmələrinə verilən cavab Azərbaycan Ordusunun böyük gücə sahib olduğunu bir daha sübut etdi. Bir neçə gün ərzində Azərbaycan Ordusunun açdığı cavab atəşləri nəticəsində düşmən tərəf yüzlərlə itki verdi, yüzlərlə erməni hərbçisi yaralandı. İşğalçı Ermənistan rəhbərliyi itkilərin sayını gizlətməyə çalışsa da, bacarmadı. Ermənilər bir neçə gün döyüş bölgəsində meyitlərini daşıdılar. Erməni ictimaiyyəti Serj Sarkisyandan bu gün də hesabat tələb edir. Elə bir gün yoxdur ki, Ermənistanda əsgər anaları kütləvi aksiyalar keçirməsinlər. Onlar etiraf edirlər ki, övladlarını Qarabağa göndərmək istəmirlər. Erməni anaları gözəl başa düşürlər ki, Qarabağ tarixi Azərbaycan torpağıdır, bu torpaqlar azərbaycanlılara məxsusdur. Ona görə də Sarkisyanın kriminal rejimini iqtidarda saxlamağa yönəlmiş addımlar erməni anaları tərəfindən də qətiyyətlə pislənilir. Sarkisyan bir neçə dəfə nazirlərin təcili toplantısını keçirsə də, itkilər haqqında dəqiq məlumat vermədi, saxta informasiyalarla cəmiyyəti çaşdırmağa çalışdı. Aprelin əvvəllərində baş verən hərbi əməliyyatlardan sonra Ermənistan ordusunda fərarilik halları bir neçə dəfə artdı. Erməni gəncləri orduda xidmət etməmək üçün ordudan qaçır, odlu silahla bir-birilərini öldürürdülər. Ermənistan çıxılmaz durumdadır, başa düşür ki, Azərbaycan torpaqları geri qaytarılmalıdır. Sarkisyan ordumuzun gücünü, əsgərlərimizin müharibə istəyini və əzmini gördü. Ermənistan tərəfinin növbəti dəfə genişmiqyaslı silahlı təxribatlarına ən sərt formada reaksiya veriləcək və düşmən ordusu bu dəfə tamamilə məğlub vəziyyətə salınacaqdır.
Aprelin 5-də hərbi əməliyyatlar qarşılıqlı qaydada dayandırılıb, lakin Ermənistan tərəfi bu gün də təmas xəttində yerləşən ərazilərimizi müxtəlif çaplı silahlardan atəşə məruz qoyurlar. Söz yox ki, düşmən təxribatlarına layiqli cavab verilir. Lakin Ermənistan ordusu daha ağır rəzalətə düçar olmaq istəmirsə, hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa əməl etməli, cəbhə xəttində yerləşən rayonlarımızda yaşayan yerli sakinlərə, mülki əhaliyə açdığı atəşə son qoymalıdır. Tərtər və Ağdamda yerli əhaliyə qarşı törədilən təxribatlar nəticəsində evlər, məktəblər, inzibati binalar yarasız vəziyyətə düşüb. Lakin bütün bunlarla yerli əhalinin mübarizə əzmini qırmaq mümkün deyildir. Əvvəlla, Azərbaycan Ordusu yerli sakinlərin təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir və düşmənə layiq olduğu cavab verir. Təsadüfi deyil ki, ermənilər kilometrlərlə geri çəkilmişdir. Digər tərəfdən, düşmən tərəfinin bizim əliyalın vətəndaşdan belə qorxduğu da son günlər dəfələrlə sübut olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən rayonlarımıza səfəri isə yerli əhalidə, sözün əsl mənasında, böyük ruh yüksəkliyi yaradıb.
May ayının 1-də təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər edən ölkə başçısı hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb. Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Azərbaycan Prezidenti cəbhə bölgəsində yerləşən rayonlarımıza səfər etməklə, düşmənlə üzbəüz- təmas xəttinin 200 metrliyində yerləşən ərazilərimizdə yerli sakinlərlə görüşməklə növbəti dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. Bu görüş həm də istənilən anda və şəraitdə xalqın Prezident İlham Əliyevlə birgə olduğunun ifadəsidir. Bu səfər bir daha sübut etdi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir. Prezident İlham Əliyev cəbhə bölgəsində yerləşən rayonların sakinlərinə xüsusi qayğı ilə yanaşır, onların problemlərini yerindəcə həll edir, təmas xəttinə yaxın ərazidə yaşayan sakinlərin müdafiəsini gücləndirmək üçün bütün zəruri addımları atır, sakinlərin həyat və iş şəraitini yaxşılaşdırmaq üçün bütün lazımı tədbirləri həyata keçirir.
Prezident İlham Əliyevin təmas xəttində yerləşən ərazilərə səfəri bir çox cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dövlət başçısının cəbhəyanı bölgələrə səfəri yerli sakinlərdə və əsgər-zabit heyətində böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, həm də insanlarda Ali Baş Komandana və dövlətimizin gücünə olan inamı daha da artırdı. Azərbaycanın digər bölgələrində yaşayan sakinlər kimi, Tərtər, Ağdam, Bərdə rayonundan yaşayan əhali də dvlət başçısının diqqət və qayğısını daim öz üzərlərində hiss edirlər. Əhali Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ali Baş Komandanın böyük təhlükəyə baxmayaraq, bütün riskləri göz önünə alaraq təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedərək sakinlərlə görüşməsi insanlarda qələbəyə, dövlətimizin gücünə olan inam artırdı və böyük ruh yüksəkliyinin yaranmasına səbəb oldu. Şübhəsiz ki, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü Cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin nümunəsidir.
Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər. Azərbaycan Prezidenti cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır. Ali Baş Komandan İlham Əliyevin atdığı addımlar müasir Azərbaycanın daha sürətli inkişafına, gələcək tərəqqisinə hesablanıb. İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycanın gələcəyi sağlam əllərdədir və heç bir qüvvə dövlətimizin gücünə, xalq-iqtidar birliyinə, ölkəmizin inkişafına kölgə sala bilməz.
Samir