Dünən YAP Şəmkir rayon təşkilatı və rayonun Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda elmi-praktik konfrans keçirilib.
Elmi-praktiki konfransda Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, millət vəkili, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva, YAP Şəmkir rayon təşkilatı sədrinin müavinləri Məcid Şıxlıniski, Nürəddin Əhmədov, YAP Şəmkir rayon qadınlar şurasının sədri Nüşabə Seyidova, YAP Şəmkir rayon təşkilatı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və YAP fəalları iştirak ediblər.
Konfransda ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərin artıq ümumxalq bayramına çevrildiyini söyləyib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
Millət vəkili, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva çıxışında tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Dahi Liderin xidmətlərinin nəticəsidir.
Çıxış edənlər YAP Şəmkir rayon təşkilatı sədrinin müavinləri Məcid Şıxlıniski, Nürəddin Əhmədov və YAP Şəmkir rayon təşkilatının qadınlar şurasının sədri Nüşabə Seyidova qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti o qədər zəngin və mənalı olub ki, onu qısa şəkildə ifadə etmək mümkün deyil. "Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün elə böyük işlər görüb ki, bu haqda saatlarla deyil, günlərlə, aylarla danışmaq olar. Məhz xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra cəbhədə atəşkəs elan olundu, ölkəmiz inkişaf etməyə başladı, dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş oldu. Bu gün Azərbaycan dünya dövlətləri arasında öz müstəqil siyasəti, inkişaf tempi ilə seçilən bir dövlətdir. Bu, onun nəticəsində mümkün olub ki, bu gün Azərbaycanın Ulu Öndərimizin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev kimi lideri var. Fəxr edirik ki, bu gün Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Biz fəxr edirik ki, bu gün Heydər Əliyevin ideyaları reallaşır və ölkəmiz gündən-günə daha da inkişaf edir və çiçəklənir", - deyə natiqlər vurğulayıblar.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videofilm izləndi. Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və konfrans öz işini yekunlaşdırıb.
Ü.ƏSGƏROV