PDF Oxu

Sosial

  • 53

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müsabiqə qaliblərini mükafatlandırıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müsabiqə qaliblərini mükafatlandırıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə dini icmalar arasında "Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" mövzusunda elan olunmuş məqalə müsaqibəsinin mükafatlandırma tədbiri keçirib. Tədbirdə ictimai-siyasi xadimlər, elm adamları, dini icmaların nümayəndələri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər. Giriş nitqi ilə tədbiri açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki mövqeyindən danışıb: "Heydər Əliyev təkcə tarixi şəxsiyyət deyil, O, həm də tarixi yazan və yaradan şəxsiyyətdir. XX əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin ən ağır səhifələrindən birini təşkil edirdi. Ölkədə özbaşınalıq və xaos hökm sürürdü, vətəndaş müharibəsi ilə üz-üzə dayanmışdıq. Hətta Azərbaycanın torpaqlarında "Talış-Muğan Respublikası" adlı əcaib bir qurum da yaratmağa cəhd etdilər. Daxili düşmənlərimiz bir tərəfdən Azərbaycanı çıxılmaz duruma saldılar, digər tərəfdən də ermənilərin silahlı birləşmələri torpaqlarımızı işğal etdilər. Azərbaycan dövlətinin yalnız adı qalmışdı, səriştəsiz ölkə rəhbərliyi heç bir işin öhdəsindən gələ bilmirdi. Xalqı bu bəladan çıxarmaq lazım idi. Məhz belə bir məqamda Heydər Əliyev Azərbaycanı xilas etdi. Daha sonra dövlətimizin gələcək inkişafını səciyyələndirən amillərdən biri, insanların əfsanə kimi baxdığı "Əsrin Müqaviləsi" imzalandı. Azərbaycan inkişaf yoluna qədəm qoydu, ölkədə siyasi sabitlik bərpa edildi. Bu yolda Ulu Öndərə qarşı böyük təzyiqlər oldu, sui-qəsdlər təşkil olundu. Amma heç biri nəticə vermədi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında ölkədə xaos yaratmaq istəyən qüvvələr zərərsizləşdirildi. Mən deyərdim ki, Heydər Əliyevi Allah qorudu, çünki O, bu millətə lazım idi".

S.Aran Azərbaycanda dini icmaların fəaliyyətindən, ölkəmizdə yaradılan tolerantlıqdan danışıb. Qeyd olunub ki, dinindən asılı olmayaraq, Azərbaycanda bütün insanlar tam təhlükəsiz şəraitdə yaşayır. Dininə, irqinə, milliyyətinə görə heç kim təqib olunmur. Azərbaycan dünyada yeni model yaradıb, ölkəmizdə məscidlərlə bərabər sinaqoqlar və kilsələr fəaliyyət göstərir. Hətta bir sıra xristian ölkələrində belə onların ibadət etməsi üçün Azərbaycandakı qədər gözəl şərait yaradılmayıb. Bu, zaman-zaman öz təsdiqini tapıb.

Sonda müsabiqənin nəticələri elan olunub və qaliblər mükafatlandırılıb.

Samir

Digər xəbərlər