YAP Biləsuvar rayon təşkilatı bu mövzuda Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirib
Dünən YAP Biləsuvar rayon təşkilatı Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda elmi-praktik konfrans keçirib. Rayon təşkilatının qərargahında keçirilən tədbir iştirakçıları ilk öncə Onun təşkilatın foyesində yerləşən büstü önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir: "Bu gün hər birimiz dahi rəhbərin qurub- yaratdığı, dünyaya tanıtdığı müasir Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummili Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Məhz Onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur".
Rayon təşkilatının sədri onu da vurğulayıb ki, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artması sahəsində də Ulu Öndərin misilsiz xidmətləri olmuşdur: "Ümummilli Liderin şah əsərini Azərbaycan Prezidenti Cənab İlham Əliyev böyük uğurla yaşadır. Azərbaycan xalqı hər zaman Onun ideyalarına sadiq qalacaq". K.Mirzəyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqın rifahının yüksəlməsində əvəzedilməz xidmətlərini xüsusi qeyd etdi.
Tədbirdə rayon təşkilatının təlimatçısı Akif Kazımov, Xırmandalı kənd bir saylı ərazi ilk partiya təşkilatının sədri Firudin Hüseynov, 42 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xalidə Ağayeva, 25 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xanımgül Abıyeva və başqaları çıxış edərək, Ulu Öndərin şərəfli həyat yolundan, Xalq və Lider məhəbbətinin vəhdətindən yaranan müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırdılar.
R.KAMALQIZI