Tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etmişdir.
Multikulturalizm sözünün semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik (multi - çox, culture - mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur.
Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir.
Multikulturalizm - eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir.
Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Multikulturalizm anlayışı 1960-cı illərin sonunda Kanadada meydana gəlib, termin kimi isə 1970-ci illərdə ədəbiyyatda əks olunub.
Orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur.
Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin (1141-1209) əsərləri bu cəhətdən xüsusilə fərqlənir. Onun yaradıcılığına əsasən deyə bilərik ki, Nizamidə multikulturalizm və tolerantlıq elementlərinə rast gəlmək mümkündür.Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı İnsanlıq idi. İrqi, milli və dini ayri-seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. Nizami xalqların adını çəkərək onlara hörmətlə yanaşır:
Zəncinin zahiri qaradır, ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara , parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır.
XX əsrin əvvəllərində Bakı multikultural mədəniyyətə yaxınlaşmağa davam edirdi. Azərbaycanda ilk milli teatr binasının tikilməsi məşhur Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır, teatr binası 1883-cü ildə memar Koqnivitskinin layihəsi əsasında tikilmişdi. Bu teatrda 1908- ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışını qoruyub saxlayırdı. İlk dəfə olaraq, Şərqdə Azərbaycanda, Qərb mədəniyyətinin komponenti, opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin edib. Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.
"Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır".
"Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq".
Ulu Öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərmişdi.
Hazırda ölkənin gündəmində iqtisadi böhranla bağlı problemlərin olduğu dövrdə bu ilin "Multikulturalizm ili" elan olunması ölkədə mövcud olan yüksək tolerantlıqdan irəli gəlir. Ümumiyyətlə, hakimiyyətin multikulturalizm siyasətinə xüsusi önəm verməsi ciddi əsaslardan xəbər verir.
İlk növbədə, Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Azərbaycanda təxminən 20-dən artıq azsaylı xalqların nümayəndələri yaşayır. Bu xalqların bir qismi İslam dininin şiə məzhəbinə, bir qismi isə İslam dininin sünni məzhəbinə qulluq edir. Bundan başqa ölkədə xristianlığın provaslav xəttinə, eləcə də iudizm dininə xidmət edən çoxsaylı yəhudilər var. Həmçinin, ölkədən getməmiş erməni Qriqoryan məzhəbinə qulluq edən və azərbaycanlılarla müəyyən qohumluq əlaqələrinə malik ermənilər də vardır. Göründüyü kimi, Azərbaycan mozaik bir ölkədir. Burada çoxlu millətlərin və xalqların nümayəndələri, müxtəlif dinlərin daşıyıcıları var. Burada parçalanmadan, separatçılıqdan söhbət belə gedə bilməz. Bu, Azərbaycana yad olan məsələdir. Dağlıq Qarabağ məsələsi ortaya çıxanda öncə talışlar, ləzgilər, tatlar, ruslar, ölkəmizdə yaşayan hər bir millətin nümayəndəsi getdi. Bu isə azərbaycançılıq deməkdir. Bu fəaliyyətlə bütövlükdə Azərbaycan güclənir. Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolumuz bir deyildir və olmayacaq. Kimlər ki, məkrli niyyətlərlə, hiylələr və üstü bəzədilmiş ibarələrlə yanlışlığa, aldatmağa cəhd edirlər, onlarla bizim işimiz olmayacaq.
Bu faktlar həm də Azərbaycanda müxtəlif sivilizasiyaların mövcud olduğunu göstərir. Multikulturalizm isə bütövlükdə millətlərarası, dinlərarası münasibətləri tənzimləyən bir elm sahəsidir. Azərbaycanda multikulturalizm sahəsində xeyli təcrübə toplanıb. Azərbaycan xalqının əsas hissəsi olan türk etnosunun digər etnoslara tolerant, dostcasına münasibət bəsləməsi sayəsində etnik və dini zəmində qarşıdurma olmayıb. Bu səbəbdən Azərbaycanda millətlərarası, dinlərarası tolerantlığın olduğunu söyləmək mümkündür. Bununla bağlı, Azərbaycanda başqa dövlətlərə nümunə olacaq bir təcrübə toplanıb.
Mədəniyyət bir obyekt olaraq insanların fəlsəfi düşüncə ifadəsidir və bu nöqteyi-nəzərdən, özündə kompleks xarakterli ümumiləşmiş ifadələri əks etdirir. Mədəniyyət konseptualdır, multikulturalizm də konseptual məzmunludur. Dərin mahiyyətə malikdir, insanların və xalqların özünüdərkini təcəssüm etdirir.
Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollektivin davranışlarından (davranışlar münasibət və əlaqə fonunda meydana gəlir, fərdin resurslara və digər fərdlərə olan əlaqə və münasibətlərini ifadə edir), davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir.
Xarakter fərdi və milli kimliyi müəyyən edir. Milli kimlik əsasən dil amilindən formalaşır. Eyni zamanda mədəniyyətin (adət-ənənə, yaradıcılıq və quruculuq nümunələri) xarakterik xüsusiyyətləri burada önəmli rol oynayır. Xarakteri meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti formalaşdırır.Dil, ümumən, baza tanıtım rolunu oynayır. Sonra bu kompleksə fizioloji amillər (xalqın nümayəndələrinin fiziki quruluşu) da əlavə olunur.
Multikulturalizmdə isə çoxlu sayda mədəni və fiziki elementlər dünyanın rəngarəngləşməsini təmin edir. Bu qarışıqlıq hesabına isə milli mədəni elementlərin bir-birini radikal məzmunda üstələməsinin qarşısı alınmış olur.
Mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan dəyərdir. Dəyərdir, o baxımdan ki, mədəniyyət yaradıcılıq, quruculuq nəticəsidir, yaradıcılıq və quruculuq formalarıdır. Mədəniyyət nümunələr (burada dövlətin özü, cəmiyyətin özü bir mədəniyyətdir - dövlət sistemi, o cümlədən hüquq və siyasət sistemi, subyektlərin təşkili bir mədəniyyət nümunəsidir, xalqın yaradıcılıq və quruculuq göstəricisidir. Xalqın siyasi məfkurəsidir. Xalqın formalaşaraq, millət kimi təşkilatlanması da ali siyasi mədəniyyətin tərkibini təşkil edir. Dövlətçilik mədəniyyəti özündə iqtisadi, mədəni, sosial və siyasi təşkilatçılıq qabiliyyətini əks etdirir. Mədəniyyət normaları-davranış qaydalarından, milli xarakterdən, milli və beynəlxalq davranışdan meydana gəlir) fonunda büruzə verən dəyərlərdən ibarətdir.
Mədəniyyət də maddi və mənəvi ola bilir. Mənəvi dəyərlər, o cümlədən əxlaq qaydaları, mədəni davranış nümunələri (burada davranış qaydaları), xarakter özü elə mənəvi mədəniyyətin əsaslarını meydana gətirir.İctimai tərbiyə, siyasi əxlaq, milli adət-ənənələr özlüyündə mənəvi mədəniyyətin forma və məzmununu sübuta yetirir. Maddi mədəniyyət nümunələrindən (burada quruculuq və yaradıcılıq nümunələri) istifadə qaydaları və maddi mədəni abidələrə, əşyalara olan münasibət məhz özlüyündə mənəvi mədəniyyət normalarını yaradır. Xalqın mədəniyyət tarixi və tarixi kimliyi maddi nümunələr əsasında sübuta yetirirlir.
Bu baxımdan da bir xalq əgər öz yaradıcılığına hörmətlə yanaşırsa, onu qoruyursa, dəyər olaraq irsən ötürürsə, onda o xalq öz mədəniyyətinə hörmət edən mənəvi dəyər xalqıdır. Bu kriteriyalar da özlüyündə xalqın möhkəm iradəliliyini sübuta yetirir. Mədəni xalq tarixini, yaratdığı mədəniyyət nümunələrini qorumağı bacarmaq keyfiyyətlərinə malikdir.Mədəniyyət yaradıcılıq və quruculuq nümunəsidir, bu nümunələrə nisbətdə davranış, əxlaq normasıdır. Buna görə də quruculuq və yaradıcılıqdan ibarət olan davranışlardan və nümunələrə qarşı olan hörmətdən ibarətdir. Mədəniyyət hər bir xalqın milli kimliyidir. Milli kimliyinin irsən qoruyucusudur. Mədəniyyət xalqın məkanda tarixən yaratdığı dəyərlər məcmusundan ibarətdir. Mədəniyyət nizam və intizamdan ibarət davranış üsuludur.Mədəniyyət sosiallaşmanın, sosial strukturlaşmanın tərkibini təşkil edir.İnsanların sosial əlaqələr və münasibətlər forması məhz mədəniyyətin yaranmasının əsaslarını təşkil edir. Multikulturalizm isə beynəlxalq mədəniləşmə proseslərini təmin edir. Bu da özlüyündə beynəlxalq sosiallaşmanı meydana gətirir.
Dövlətlərin çoxluq təşkil etdiyi müasir zamanda xalqlararası mədəniyyət əlaqələri də inkişaf etməkdədir.
Bu gün mövcud olan əlaqələr (elektron əlaqələr) xalqlara məxsus olan mədəniyyətin qarşılıqlı olaraq, mübadiləsini sürətlə şərtləndirməkdədir. Digər tərəfdən, bir dövlət daxilində çoxlu sayda mədəniyyət nümunələrini özündə daşıyan subyektlər (xalqların nümayəndələri) mövcuddur. Mədəniyyət nümunələrinin obrazları həm birbaşa subyektlərarası (fərdlərarası) əlaqələr ilə, əyani şəkildə, həm də vasitəli qaydada vizual şəkildə transfer etməkdədir. Bu obrazlar keçidlər zamanı əks olunur.
Multikulturalizmin formaları meydana gəlməkdədir. Bir forma dövlətlər daxilində yaşayan xalqların yaratdığıdır. Əyani mübadilə formasıdır. Burada davranış qaydaları, adət-ənənələr keçidlər edir. Digər bir forma isə qiyabi tanışlıqla keçid formasıdır. Adət-ənənələr, musiqi, mədəniyyət vasitələr yolu ilə keçidlər edir.
Multikulturalizm (çoxmədəniyyətlilik) bir məkanda (burada bir cəmiyyət, bir dövlət) yaşayan çoxlu sayda xalqlardan ibarət olan mədəni müstəvidir.
Çünki mədəniyyətin əsas daşıyıcıları məhz fərdlər və xalqlardır. Multikulturalizm digər tərəfdən də bir vahid dünya çərçivəsində yaşayan çoxlu sayda xalqlardan ibarət olan mədəniyyət müstəvisidir. Mədəniyyət bütövlüyü bir dünyanı əhatə edir, eləcə də dünyanın tərkib hissələrindən ibarət olur. Multikulturalizm bir dövlət daxilində olur, eləcə də dünya xalqlarının birləşmiş mədəniyyətini əks etdirir.
Hər iki formanın insanlar üçün əhəmiyyəti olduqca çoxdur: Birincisi, ona görə ki, çoxlu sayda xalq - çoxlu sayda quruculuq və yaradıcılıq subyekti deməkdir. Çoxlu sayda xalqın mövcudluğu fərqli yaradıcılıq və quruculuq nümunələrinin inkişafından xəbər verir. Quruculuq və yaradıcılıq nümunələrinin çoxluğu cəmiyyətlərdə və dövlətlərdə dəyər zənginliyini meydana gətirir. İkincisi, multikulturalizm insanların zəngin davranış numunələrini formalaşdırır. Üçüncüsü, milli eqoizmin qarşısını alır və xalqların assosiativ inteqrasiyalarını meydana gətirir. Dörüdüncüsü, beynəlmiləlçiliyi və kosmopolitizmi yaradır, sosial holizmin yaranmasını zəruri edir.
Multikulturalizm məkanda (burada bir dövlətdə, bir cəmiyyətdə) mövcud olan dəyərləri çoxaldır. Bu dəyərlər yaradıcılıq və quruculuq elementlərini artırır. Multikulturalizm məkana xarici mədəni elementlərin axınını təmin edir. Bu axın sayəsində regional mədəni inteqrasiya formalaşır və mədəniyyət regionu meydana gəlir. Xaricdən transfer edən nümunələr hesabına məkanda sosial strukturlaşma güclənir. Sosial strukturlaşmanın güclənməsi hesabına isə elementlərin sayı artır və dinamiklik genişlənir. Bu proseslər sayəsində sistemdə mövcud olan mədəniyyət elementlərinin sayı çoxalır və dəyərlər artır. Dəyərlər sistemi zənginləşir. Multikulturalizm sayəsində dünyanın mədəniyyət potensialı bir məkana cəlb olunur. Multikulturalizm xalqın və dövlətin dünyəviliyini təmin edir və xalqın, millətin, dövlətin dünyada sürətlə tanıdılmasını həyata keçirir. Multikulturalizm dünyanın əksər xalqlarından ibarət olan bütövü yaradır və ümummədəniyyət müstəvisini meydana gətirir.
Multikulturalizm fərdin beynəlmiləlləşməsini təmin edir, xalqların mədəni bütövlüyünü meydana gətirir. Burada milli mədəniyyətin inkişafını digər mədəni çalarlar hesabına təmin edir.
Multikulturalizm monoton dövlətlərin və cəmiyyətlərin yaranmasının qarşısını alır və kasıb mədəni regionların formalaşmasına mane olur. Bu baxımdan da regionlarda müharibələrin qarşısını alan faktorlar rolunda çıxış edir.
Multikulturalizm mədəniyyət sisteminin regional formasını yaradır və bu da özlüyündə regionun maddi-mənəvi resurslarından istifadədə yumşaq yanaşma metodlarının formalaşmasına gətirib çıxarır.Multikulturalizm milli mədəniyyətin qarışıq mədəniyyətlər hesabına sürətlə tanıdılmasını təmin edən zəngin sistem rolunu oynayır.Multikulturalizmin formalaşması sayəsində mədəni cəhətdən bir-birinə bağlantılar yaranır ki, bu da özlüyündə yaradıcılıq və quruculuq bütövlüyünün yaranmasını şərtləndirir.
Multikulturalizm millətlərin və onların nümayəndələrinin birliyini şərtləndirir və mədəni dəyərlərin transferini təşkil edir. Bu da milli mədəniyyətin məkanlar üzrə sürətlə yayılmasını şərtləndirir. Multikulturalizm xalqın və dövlətin beynəlxalq təhlükəsizliyini təmin edir. Regional qarışıq mədəni elementlər bu elementlərə xas olan dövlətlərin gücünü artırır, əlaqələrini genişləndirir və sərhəd təhlükəsizliklərini təmin edir. Məsələn, bir dövlət ərazisində yaşayan digər xalqlar hesabına (qonşu xalqlar nəzərdə tutulur) həmin dövlətin beynəlxalq təhlükəsizliyi təmin olunur və iqtisadi əlaqələri də genişlənir.
Multikulturalizmin əhəmiyyəti həm də ondan ibarət olur ki, kiçik saylı xalqlar mədəni inteqrasiya şəraitində böyük xalqların mədəni elementlərindən faydalanmaq imkanları əldə edirlər.Bu da özlüyündə kiçik xalqların ruhunu zənginləşdirir. Multikulturalizm çoxlu sayda xalqların adət-ənənələrini, vərdişlərini ümumiləşdirir. Bunun da sayəsində yaradıcılıq və quruculuğun genişlənməsi prosesləri baş verir. Multikulturalizm özünün müəyyən inkişaf mərhələsində siyasi inteqrasiyaya keçidlər edir.
Multikulturalizmdə risqlər də meydana gələ bilir. Ən böyük risq assimilyasiyadan ibarətdir. Digər bir risq isə, dövlətin unitar əsaslarını vurula biləcək zərbələrdən ibarətdir. Deməli, mədəni və siyasi risqlər multikulturalizmdə yaşana bilər.
Tolerantlıq, multikulturalizm nədir? Bu, əslində insanlıq deməkdir. Bir-birimizin dininə, mədəniyyətinə, tarixinə insani münasibət bəsləyə biliriksə, deməli, multikultural cəmiyyətdə yaşayırıq. Azərbaycan bu mənada multikultural cəmiyyətini nəinki təqdim edə bilər, hətta hansısa gəldiyimiz nəticə və təcrübədən çıxış edərək dünyanı öyrədə bilərik. Dünyanın müxtəlif ölkələri Azərbaycanın multikultural təcrübəsini diqqətlə öyrənməyə çalışırlar.
Multikulturalizm – eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir.
Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
Avropa və bəzi qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada "Homo sapiens" tipli insandan "Homo culturalies" tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir. Olsun ki, Azərbaycan multikulturalizm ənənəvi siyasətinin çox yaxşı modelidir.
Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər.
Güman edirəm ki, multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.
Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub.
Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər yaranır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə böyük hörmətlə yanaşırıq. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi Sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, qalanı isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir.
Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür.
Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Təsadüfi deyil ki, dövlət başçısının qərarı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir. Parisdə keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini vurğulayıb.
Multikultural prinsiplər Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik prinsipləri qədər vacib və zəruridir.
Abel Məhərrəmov,
Bakı Dövlət Universitetinin rektoru,
YAP İdarə Heyətinin üzvü