Tərtər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ümummilli Liderə həsr olunmuş rəsm və kitab sərgisinə baxış keçiriblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyaraq, Onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilib. Tərtər rayon icra hakimiyyətininin başçısı Müstəqim Məmmədov "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının yaradıcısı olan Heydər Əlirza oğlu Əliyevin 93-cü ildönümü ölkəmizin hər yerində təntənəli surətdə qeyd olunur. Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, müxtəlif maneələrdən, çətinliklərdən keçərək, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Ümumilli Liderin keçdiyi həyat yolundan danışmaq, Azərbaycana rəhbərlik etdiyi 34 ildə xalq üçün gördüyü titanik işlərinin hamısını sadalamaq qeyri-mümkündür. Bir həqiqəti heç vaxt unutmamalıyıq ki, Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərliyə gələnə qədər ölkəmiz geridə qalmış aqrar bir respublika idi. Ölkəmiz 1969-cu ildən 1982-ci ilədək Heydər Əliyev qətiyyəti, yorulmaz fəaliyyəti nəticəsində iqtisadi yüksəliş dövrünə çıxmışdır. Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlişi ilə əlaqədar olaraq Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranmışdır. Həmin illərdə rayon 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət olan bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8, beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyatyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000 nəfərə yaxın işçi qüvvəsi olan Tərtər Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan konserv zavodu, süd emalı zavodu, yol-tikinti materialları istehsal edən zavod, Sərsəng Su Anbarı, məhz Heydər Əliyevin dövründə tikilib. Ümummilli Lider xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanın regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibinə çevrilib. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan həmişə yenilməz, qalib, müzəffər olacaq. Bu inamı bizdə yaradan səbəb isə Ulu Öndərimizin əmanəti olan müstəqil Azərbaycanın sükanı arxasında Heydər Əliyevin irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin dayanmasıdır.
Tədbirdə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, rayon polis şöbəsinin rəisi Rauf Məcidov, rayon prokuroru Azər Hətəmov, rayon icra hakimiyyətinin əməkdaşı Tünarə Məmmədzadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və Səhləbad kənd tam orta məktəbinin direktoru Validə Mahmudova çıxış etmişlər. Çıxışlarda bir fikir vurğulanıb: Heydər Əliyev fenomen şəxsiyyətdir və O, Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Samir