PDF Oxu

Sosial

  • 45

İcbari tibbi müayinə sağlam ailənin təminatıdır

İcbari tibbi müayinə sağlam ailənin təminatıdır

Son illər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafla yanaşı, həyata keçirilən ardıcıl sosial yönümlü layihələr nəticəsində əhaliyə göstərilən tibbi xidmətin də keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə ondan artıq Dövlət Proqramı qəbul olunub və uğurla davam etdirilir. Əhalinin sağlamlığının qorunması daim diqqətdə saxlanıldığından, son illər talassemiya ilə mübarizə istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmanı, eyni zamanda "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi bu xəstəliyə düçar olan insanların normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olmağa yönəldilmişdir. Bütün bunlarla yanaşı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzi istifadəyə verilib. Mərkəzin yaradılması nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunub.

Görülən işlərə baxmayaraq, əhali arasında talassemiyanın qarşısının alınması istiqamətində kompleks tədbirlərin aparılmasına zərurət yaranıb. Məlum olduğu kimi, sağlam ailənin formalaşması, maarifləndirmə, xüsusilə risk qruplarının müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbarı tibbi müayinədən keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanun və bu qanunun tətbiqi barədə müvafiq Fərman imzalayıb. Fərmana əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minib. Qaydaya uyqun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət-tibb müəssisəsində həyata keçirilir. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri tələb olunan tibbi müayinədən keçirlər. Qarşıya qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə ciddi hazırlıq işləri aparılıb.

Statistikasına əsasən, bir ilə orta hesabla ölkəmizdə 85-90 min nikah qeydə alınır. Bu isə 170-180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24 % Bakı şəhərinin payına düşür, qalan 76 % respublikamızın regionlarına aiddir. Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180-ə yaxın nikah qeydə alınır ki, bu da Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.

"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun qüvvəyə mindiyi müddətdə - ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin may ayının əvvəlinə qədər müayinədən 130 min nəfər keçib. Müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə, müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkarlanıb. Müayinədən keçmiş 6921 nəfərdə talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə QİÇS aşkar olunub.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirri olaraq saxlanılır. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

Bu sayda insanın nikahdan əvvəl icbari tibbi müayinəsi əhali üçün, gələcək nəsil üçün bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyət daşıyır.

NƏZAKƏT

Digər xəbərlər