PDF Oxu

Sosial

  • 60

Milli Məclisdə dinləmələr keçirildi

Milli Məclisdə dinləmələr keçirildi

Bahar Muradova: "Azərbaycan Ermənistanın bütün təxribatlarına əks-zərbə ilə cavab verəcək"

Dünən Milli Məclisdə "Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələr keçirilib. Tədbirdə Milli Məclisin rəhbərliyi, deputatlar, Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Hərbi Prokurorluğun nümayəndələri, QHT əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin sədrinin müavini Bahar Muradova bildirib ki, Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük: "Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin region üçün ən böyük təhlükə törətdiyini vurğulayır. Artıq bu münaqişənin həllinin vacibliyi vurğulanır. Ermənistan tərəfi ardıcıl olaraq məqsədyönlü şəkildə Azərbaycanı və ölkəmizi dəstəkləyən dövlətləri provokasiyaya çəkmək, yenidən təcavüskar siyasətini davam etmək istiqamətində addımlar atır və Azərbaycan ərazisində erməni hərbçilərinin iştirakı ilə təlimlər keçirir".

Vitse-spiker, həmçinin onu da bildirib ki, Ermənistanın işğal etdiyi ərazilərimizdə Azərbaycanın mədəni abidələrini dağıdır, Azərbaycanın izlərini silməyə çalışır: "Aprel ayında Ermənistan tərəfinin törətdiyi cinayətkar əməllər nəticəsində insanlar öldü, insanların mülkiyyətinə ziyan dəydi. Azərbaycan Ordusu bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra mövqelər geri alındı və Azərbaycan ərazilərin bir hissəsinə nəzarəti geri qaytardı".

Milli Məclisini vitse-spikeri onu da qeyd edib ki, Ermənistan ordusu haqqında yaradılmış mif dağıldı, Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər başladı və Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin heç kimə lazım olmaması ilə bağlı fikirlər səsləndi: "Bu, onu göstərir ki, münaqişə həll olunmalıdır. Münaqişə Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin həyatını da məhv etdi. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biz onların da problemlərini həll etməliyik, onları Ermənistan rəhbərliyinin girovluğundan azad etməliyik, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarını təmin etməliyik. Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək və buna da qadirdir".

R.HÜSEYNOVA

Digər xəbərlər