Ulu Öndərin anadan olmasının 93 illiyi Malatyada yüksək təntənə ilə qeyd olunub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi qardaş Türkiyə Respublikasında geniş miqyasda və yüksək təntənə ilə qeyd edilib. Bu münasibətlə Malatyada keçirilən elmi-praktik konfransda Böyükşehir Bələdiyyə başqanı, İnönü Universitetinin rektoru, türkdilli ölkələrin rəsmiləri, Azərbaycandan olan millət vəkilləri, şəhər ziyalıları iştirak ediblər. Konfrans iştirakçıları öncə dünya azərbaycanlılarının lideri Heydər Əliyevin həyat və fəaliyyəti, doğma xalqına və Vətəninə misilsiz xidmətləri haqqında sənədli filmi izləyiblər.
Çıxışlarda müstəqil Azərbaycanın memarı Heydər Əliyevin hakimiyyəti illərində ölkənin sosial-iqtisadi, ictimai-siyasi inkişafında əldə olunan uğurlardan, türk dünyasında rolundan, böyük siyasətçi və dahi şəxsiyyət olaraq, ölkələrarası əlaqələrin, münasibətlərin, birgə əməkdaşlığın möhkəmləndirilməsində genişmiqyaslı fəaliyyətindən, bu gün Onun müdrik ənənələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən söhbət açılıb.
Azərbaycandan olan millət vəkilləri Qənirə Paşayeva və Naqif Həmzəyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin bütün fəaliyyətinin xalqla, Azərbaycan dövləti ilə bağlı olduğunu, Onun ölkəmizin inkişaf strategiyasını müəyyən etdiyini, inkişafın Azərbaycan modelini yaratdığını diqqətə çatdırıblar. Qeyd ediblər ki, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir. Bu gün Onun başladığı gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan gəncliyi dəyərli töhfələri ilə Odlar Yurdunu ən yüksək zirvələrə qaldırır.
Konfransın təşkilində və Azərbaycan həqiqətlərinin təbliğində xidməti olan tələbə-gənclərə fəxri fərmanlar təqdim edilib. Azərbaycanlı millət vəkilləri Qənirə Paşayeva və Naqif Həmzəyev Malatya valisi Süleyman Kamçı ilə görüşüblər. Görüşdə İnönü Universitetində təhsil alan tələbələrin rəhbəri Ramal Şəmşədli də iştirak edib. Millət vəkilləri 5-ci Malatya Kitab və Mədəniyyət Sərgisində iştirak ediblər. Sərgidə Ulu Öndərin mənalı həyatı və zəngin ömür yolunu əks etdirən kitablar böyük maraq doğurub. Qənirə Paşayeva və Naqif Həmzəyev 200 nəfərdən çox azərbaycanlı tələbənin təhsil aldığı İnönü Universitetinin rektoru, professor Cemil Çeliklə, həmçinin tələbə-gənclərlə görüşüb, onların təhsili ilə maraqlanıb, göstərilən diqqət və qayğıdan məmnunluqlarını bildiriblər.
Azərbaycanın əfsanəvi Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi Malatya İnönü Universitetinin tələbələri tərəfindən hazırlanmış 93 metr uzunluğunda nəhəng tortla qeyd olunub. Azərbaycan bayraqları ilə bəzədilmiş tortun kəsilmə mərasimində azərbaycanlı millət vəkilləri, türkdilli ölkələrin nümayəndələri, şəhər rəsmiləri, İnönü Universitetinin tələbə-gəncləri və qonaqlar iştirak ediblər. Millət vəkili Naqif Həmzəyev Battalqazi Bələdiyyə Başqanı Selahattin Gürkan ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə dostluq əlaqələrindən danışılıb. Selahattin Gürkan "bir millət, iki dövlət"in var olmasına diqqət çəkərək, uzun illik səmimi münasibətlərin hər zaman möhkəmlənəcəyinə, ölkələrimizə davamlı uğur gətirəcəyinə əminliyini ifadə edib. Səfər çərçivəsində YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev AK Parti Malatya təşkilatında olub, təşkilatın sədri Hakan Kahtalı ilə görüşüb.
Sonda millət vəkilləri şəhərin tarixi-mədəni yerlərini gəzib, televiziyaya və qəzetlərə müsahibələr veriblər.
Rövşən Rəsulov