PDF Oxu

Sosial

  • 36

Azərbaycanda informasiya cəmiyyəti quruculuğu inkişafdadır

Azərbaycanda informasiya cəmiyyəti quruculuğu inkişafdadır

17 May Ümumdünya İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur

Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və yayılması böyük zərurətə çevrilir. Bu, bəşəriyyətin inkişafı üçün geniş imkanlar deməkdir. Bu gün beynəlxalq aləm - 17 may tarixini Beynəlxalq Telekommunikasiya və Rabitə, həmçinin Ümumdünya İnformasiya Həmrəyliyi Gününün elan olunması günü kimi qeyd edir. Beynəlxalq Telekommunikasiya və Rabitə günü Beynəlxalq Elektroəlaqə İttifaqı İdarəedici Sovetinin 1969-cu il qərarı ilə təsis olunub. Ümumdünya İnformasiya Cəmiyyəti Günü isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 27 mart 2006-ci il tarixdə elan edilib. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi zərurəti indiki qloballaşma dövründə daha çox hiss olunur və bu texnologiyaların sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Bəşəriyyətin yeni inkişaf dövrünə qədəm qoyması yeni cəmiyyətin formalaşmasını da labüd edir. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da 17 May Ümumdünya İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyulmuş və müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilmişdir. Azərbaycanda bu sahənin əsasını Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində qoyub. Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi. Heydər Əliyev siyasətinin uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Daha sonra 21 oktyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı imzaladı. Buna uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətidə ardıcıl tədbirlər həyata keçirildi.

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirmiş tədbirlər və ardıcıl aparılan dövlət siyasəti nəticəsində son illər İKT və poçt sektoru sürətlə inkişaf etmişdir. Respublikanın şəhər və rayonlarının telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılmışdır. MDB-yə üzv dövlətlər arasında ilk dəfə olaraq Azərbaycanda "Yeni Nəsil Şəbəkələr" (NGN) texnologiyalarının tətbiqinə başlanılmışdır. Ucqar ərazilərdə yerləşən və coğrafi cəhətdən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yaşayış məntəqələrində telefon rabitəsi peyk avadanlığının quraşdırılması vasitəsilə təmin edilmişdir.

"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş və strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir. Bu strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır. Strategiya İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir. Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə köməklik göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sürətlə irəliləməkdədir. Azərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Belə ki, Azərbaycan BMT-nin "E-Hökumət müayinəsi 2014" hesabatında "Elektron hökumətin inkişafı indeksi" üzrə 193 ölkə arasında əvvəlki mövqeyini 28 pillə artıraraq 68-ci yerə yüksəlmiş, Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları 2014" hesabatında "Şəbəkələşmə Hazırlığı İndeksi"nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlmiş, habelə həmin hesabatda hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutmuşdur.

Ümumiyyətlə, informasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. İndi bu sahədə ölkəmizdə uğurlu işlər görülməkdədir. Bu gün ölkəmizdə də təhlükəsizlik məsələləri və eləcə də internetin, informasiya cəmiyyətinin inkişafı diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilib.

ZÜMRÜD

Digər xəbərlər