PDF Oxu

Sosial

  • 51

Əhalinin keyfiyyətli içməli su ilə təminatı üçün hansı işlər görülür?

Əhalinin keyfiyyətli içməli su ilə təminatı üçün hansı işlər görülür?

Son illərdə respublikamızda uğurla həyata keçirilən Regionların Sosial-İqtisadi İnkişafı dövlət proqramlarının əsas prioritet məsələsini infrastruktur layihələrinin həyata keçirilməsi təşkil edir. Enerjidaşıyıcılar idxal edən dövlətdən, enerjidaşıyıcı ixrac edən ölkəyə çevrilmiş Azərbaycanda Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılması regionların sosial-iqtisadi inkişafı ilə əhalinin sosial rifah halının yaxşılaşmasının təcəssümü olmaqla yanaşı, sosial bərabərlik etalonudur. Bu mənada, ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçrilən layihələr xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə də, əhalinin təmiz içməli su ilə təminatı istiqamətində olduqca yadda qalan, nəinki indiki dövrdə, hətta gələcək illərdə də içməli su barəsində böyük önəm daşıyacaq, əhalinin bu sahədə olan tələbatını ödəyəcək layihələr reallaşdırılır. Necə deyərlər, dövlətimiz vətəndaşların içməli su ilə təminatı üçün ən vacib addımları atmaqdadır. Görülən işlər isə göz qabağındadır.

"Şollar" kimi tanınan Birinci Bakı Su Kəmərinin tikintisi ilə başlayan içməli su tariximiz...

Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. 1903-1917-ci illərdə daha çox "Şollar" kimi tanınan Birinci Bakı Su Kəmərinin tikintisi ilə başlayan içməli su tariximizin sonrakı dövrlərində daha böyük və mürəkkəb layihələr icra edilib. SSRİ vaxtında yeni mənbələrin və infrastrukturun yaradılması ilə su qıtlığından əziyyət çəkən şəhər, qəsəbə və kəndlərin problemləri mərhələli şəkildə öz həllini tapıb. Məlumat üçün qeyd edək ki, ölkə əhalisinin içməli su ilə təminatının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Kür Su Kəməri çəkilişi məhz Heydər Əliyevin sayəsində mümkün olub. Ulu Öndərin təşəbbüsü ilə Oğuz-Qəbələ-Bakı Su Kəməri layihəsininin fəal tikinti mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilib. Nəhayət, layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşıb və kəmərlə nəql olunan su Bakı şəhərinə çatdırılıb. Xatırladaq ki, Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı anbarlar vasitəsi ilə tənzimlənir. Mənbələrdən paytaxta gətirilən su magistral xətlərlə anbarlara ötürülür və buradan şəbəkəyə çatdırılır. Mövcud anbarlar əhalinin dayanıqlı su təchizatının aparılması ilə yanaşı, müəyyən ehtiyatın toplanmasına da imkan verir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda Bakı şəhərində 13 mərkəzi su anbarı var. Bunlardan əlavə, Bakı şəhərində 188 müxtəlif tutumlu məhəllədaxili su anbarı fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün hazırda Badamdar, Hövsan, Balaxanı, Ramana, Qala, Zirə, Məhəmmədi, Saray qəsəbələrində yeni su anbarları tikilir. Keçən il oktyabrın 28-də isə Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.

"Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir"

Beynəlxalq təşkilatların statistikasına görə hər 8 saniyədə 1 uşağın ölümünə səbəb olan həyat adlandırdığımız su tərkibinə görə insanların cəlladına da çevrilə bilər. Odur ki, bu məsələdə həm incə həssaslıq, həm böyük məsuliyyət, həm də su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqinin də daim nəzarətdə saxlanılması zərurətini yaradır. Bu vacib məsələyə toxunan Prezident İlham Əliyev bildirib: "Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin".

Ölkə Pezideninin 6 yanvar 2015-ci il tarixində imzaladığı "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" Sərəncamı da bu sahədə mühüm işlər həyata keçirmək üçün böyük təkan yaradır.

Bu gün respublika ərazisinin 3/4-ü Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbələrindən biri olaraq qalır. Azərbaycana bu çay vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır və hər iki dövlətin şəhərlərinin təmizlənməmiş tullantı sularının Kür çayına axıdılması onun hidrokimyəvi rejiminə və suyun keyfiyyətinə güclü təsir edir. Şirin su ehtiyatlarımızın daha bir qismi Araz çayı hesabınadır ki, bu çay da İran və Ermənistan ərazisində çirklənməyə məruz qalır. Şimaldan - Rusiyanın Dağıstan ərazisindən gələn Samurda da vəziyyətin yaxşı olduğunu söyləmək mümkün deyil.

Azərbaycannın daxili mənbəyi hesabına formallaşan, tarixi hadisəyə çevrilmiş Oğuz-Qəbələ-Bakı Su Kəməri layihəsi paytaxt sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına böyük rəvac vermişdir. Ölkəmizdə əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2007-ci il tarixli, 2245 saylı Sərəncamını xüsusi olaraq vurğulamaq lazımdır. Kür və Araz çaylarının sularından istifadə edən Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarında əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə verilmiş Sərəncam, bu bölgədə yaşayan əhalinin içməli su ilə təminatında böyük rol oynadı.

2007-2014-cü illərdə 450 min nəfər insan keyfiyyətli su ilə təmin edilib

Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının sərəncamları əsasında əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində, 2007-2014-cü illərdə 20 rayonun 272 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılması 450 min nəfər insanın keyfiyyətli su ilə təminatı deməkdir.

Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında 6.01.2015-ci il tarixli Sərəncamına əsasən, Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qax, Sabirabad, Şəki, Ucar və Zaqatala rayonlarının 40 mindən çox əhalisi olan 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 (beş) milyon manat ayrılıb. Bu Sərəncamda müəyyən edilən 48 yaşayış məntəqəsində belə qurğuların quraşdırılması işləri başa çatdıqdan sonra, ümumilikdə 320 yaşayış məntəqəsində quraşdırılmış modul tipli sutəmizləyici qurğular hesabına, keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 500 mini ötəcəkdir.

"Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir"

Bu gün paytaxt Bakıda əhalinin içməli su təminatı ilə bağlı görülən işlərə nəzər saldıqda, qeyd edək ki, görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatıb. Prezident İlham Əliyev bildirib ki, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir: "Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq və bu qurğunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq. Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz. Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Buna nail olmaq üçün isə iqtisadi potensial lazımdır və biz son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaqdır. Bizim kifayət qədər böyük maliyyə resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik. Biz bu vəsaiti ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik. Əlbəttə, iqtisadi inkişaf gələcəkdə də bizə imkan verəcək ki, bu günə qədər həllini tapmamış layihələr icra edilsin. Onların içində, əlbəttə ki, ilk növbədə, içməli su layihələridir".

"Azərsu" istehlakçıların içməli su təchizatı layihələrinin icrasını bu gün də uğurla davam etdirir

"Azərsu" ASC fəaliyyətə başladıqdan sonra Bakı şəhərinin tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə - Hövsan aerasiya stansiyasının yenidən qurulması işləri həyata keçirildi. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikildi, fiziki və mənəvi aşınmış avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə, stansiyanın məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı sularının bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı. Layihənin tərkib hissəsi olaraq Zığ Kanalizasiya-Nasos Stansiyası yenidən quruldu və yeni təzyiqli kanalizasiya xətləri inşa olundu. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhər və rayon mərkəzlərində, həmçinin, kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması layihələrinin icrasını bu gün də uğurla davam etdirir.

2015-ci ilin birinci yarısında Astara, Tərtər, Daşkəsən və Qobustan şəhərlərinin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına başlanılmışdır. Bununla da "Azərsu" ASC-nin sifarişi ilə su və kanalizasiya sistemləri yenidən qurulan şəhərlərin sayı 29-a çatmışdır. Bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir.

Mətləbəli Salahov

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Digər xəbərlər