Dünən AMEA-nın əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq, Türk Dil və Tarix Qurumunun fəxri üzvü, əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, böyük alim Tofiq Hacıyev XX əsrdə Azərbaycanda dilçilik məktəbinin yaradıcılarından biridir. Akademik qeyd etdi ki, T.Hacıyev dilçiliyin bütün sahələri ilə məşğul olmuş və mühüm elmi nailiyyətlərə imza atmışdır: "Onun elmi tədqiqatlarının nəticələri dünyanın bir çox nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuş, əsərləri beynəlxalq səviyyədə sanballı elmi mənbə kimi istifadə edilmişdir. Alim 1962-ci ildə "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir".
Çıxışında İ.Həbibbəyli bildirdi ki, AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər Bölmələri akademik T.Hacıyevin əsərlərinin yeddi cildliyinin çap olunması barədə qərar qəbul edib. Eyni zamanda, hazırda AMEA-da alimin həyat və yaradıcılığına həsr olunmuş kitab, monoqrafiya, məqalə toplusu da hazırlanır.
Tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu "Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində xidmətləri" adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, T.Hacıyev Azərbaycan dilçilik salnaməsinin ən böyük simalarından biri, türkologiyanın əvəzolunmaz dilçilərindən biridir. Məhsuldar elmi fəaliyyətə malik olan T.Hacıyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında yenilikçi dilçi-alim kimi tanınmış, Azərbaycan dilçilik elminin inkişafı tarixində əvəzsiz xidmətlər göstərmişdir. T.Hacıyevin elmi yaradıcılığında dil tarixi, ortaq türk dili və tərcümə məsələləri ilə bağlı tədqiqatları mühüm yer tutur.
Tədbirdə, həmçinin Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov "Akademik Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai xadim", Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov "Tofiq Hacıyev və "Kitabi-Dədə Qorqud", professor Elbrus Əzizov "Görkəmli alim və böyük müəllim" adlı məruzələrlə çıxış etdilər, görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixi, dialektologiya və türkologiya elminin inkişafında xidmətlərindən danışdılar.
Sonda çıxış edən alimin oğlu Azər Hacıyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
NƏZAKƏT