Dünən Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən "N" saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən danışıb. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsi ən müasir tələblər səviyyəsinə qaldırılıb. A.Ələkbərov müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib.
Mərasimdə çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, gənc əsgərləri təbrik edərək, onlara Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı arzulayıblar.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
NƏZAKƏT