PDF Oxu

Sosial

  • 63

Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Şəki Regional Miqrasiya İdarəsinin xidmət ərazisinə aid olan Zaqatalada əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayədələrinin iştirakı ilə rayon Mədəniyyət Evində geniş maarifləndirmə tədbiri keçirilib. Maarifləndirmə tədbirində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizə təşrif buyuran əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi üçün görülmüş çoxşaxəli işlər barədə danışılıb.

Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası" ilə bağlı izahedici söhbət aparılıb. Çıxışlarda, xüsusən məktəblilər arasında əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin qanuna müvafiq olaraq müvəqqəti yaşamaq üçün icazə vəsiqələri almaları, yaxud həmin şagirdlərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət etmələrinin zəruriliyi vurğulanıb.

Maarifləndirmə tədbirindən sonra səyyar xidmət təşkil edilib. Keçirilmiş tədbirdə iştirak edən 360 nəfərdən 319 şəxs səyyar xidmətin imkanlarından istifadə edib. Onlardan 220 nəfərinin Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 2 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, əcnəbi və ya vətəndaşlığı olmayan 2 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. Bundan başqa, 65 şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

İştirakçılar adından Zülfiyyə Əlixanova və Habil Qurbanov minnətdarlıqlarını bildiriblər.

Şəkidə isə Regional Miqrasiya İdarəsinin xidmət ərazisində yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazasının 50-dən çox nümayəndəsinin iştirakı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatlarının aparılmasına həsr olunmuş tədbir keçirilib. Bildirilib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda, 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.

Sonra əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin elektron qaydada olduğu yer üzrə qeydiyyatları ilə bağlı izahlı video-təlimat nümayiş olunub.

Görüşlərdə, həmçinin, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə məlumat verilib.

Eyni zamanda, bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub.

Sonda suallar cavablandırılıb. İştirakçılar bu cür tədbirlərin təşkilindən razı qaldıqlarını bildiriblər.

ZÜMRÜD

Digər xəbərlər