PDF Oxu

Sosial

  • 41

BSU-da "Qloballaşan dünya və Azərbaycan" I Respublika Tələbə Elmi Konfransının açılışı olub

BSU-da "Qloballaşan dünya və Azərbaycan" I Respublika Tələbə Elmi Konfransının açılışı olub

Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Qloballaşan dünya və Azərbaycan" I Respublika Tələbə Elmi Konfransının açılış mərasimi olub. Tədbir Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulması ilə başlayıb.

Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş universitetin regionda tutduğu unikal mövqedən, Heydər Əliyevin ideyaları istiqamətində BSU-da görülən işlərdən danışıb. Rektor bildirib ki, Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasəti nəticəsində hərəkətli inkişaf edən Azərbaycan gerçəkliklərinin, ölkədə mövcud multikultural və tolerant mühitin dünyaya çatdırılması üçün BSU-da silsilə tədbirlər keçirilir: "Əməkdaşlıq etdiyimiz universitetlərdə fəaliyyət göstərən mərkəzlərimiz ölkəmiz haqqında obyektiv məlumatın, Qarabağ həqiqətlərinin təbliği yönündə iş aparır, müştərək elmi layihələr həyata keçiririk. BSU-nun beynəlxalq münasibətlər və tərcümə fakültəsinin təşkilatçılığı ilə keçirilən "Qloballaşan dünya və Azərbaycan" I Respublika Tələbə Elmi Konfransı da bu yöndə atılan addımlardan biridir. A.Hacıyev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq forumlarda, konfranslarda, müsabiqələrdə Bakı Slavyan Universitetinin tələbələrinin fəallığından, qazandıqları uğurlardan danışıb. Gənclərin qlobal mövzuya dair keçirilən konfransda iştirakını yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzulayıb.

Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd konfransın işi barədə məlumat verib. Bildirilib ki, konfransda BSU-nun tələbələri ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyası, Qafqaz Universiteti, Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Azərbaycan Kooperasiya Universitetinin doktorantları, magistr və tələbələri, həmçinin Polşa və Ukraynadan olan tələbələr də iştirak edirlər. Qeyd edilib ki, elmi-praktik konfransa, ümumilikdə 139 tezis daxil olub.

Konfrans öz işini "Heydər Əliyev və müasirlik", "Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərin aktual problemləri", "Azərbaycan multikulturalizmi", "Azərbaycan tarixi, mədəniyyəti və təhsilin aktual problemləri", "Tərcümənin aktual problemləri" və "Filologiyanın aktual problemləri" bölmələri ilə davam etdirib.

Sonda iştirakçılara sertifikat və konfrans materialları toplusu təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər