Hazırkı mərhələdə region üçün ən böyüş təhlükə mənbəyi Ermənistandakı "Metsamor" Atom-Elektrik Stansiyasıdır. Təhlükənin qarşısının alınması üçün Azərbaycan, Gürcüstan, Türkiyə və İran QHT-lərinin birgə iştirakilə Beynəlxalq Koalisiyanin yaradılması təklif olunur. Azərbaycanda fəaliyyət göstərən bəzi QHT rəhbərləri ilə söhbətimizdə təklifin reallaşması üçün geniş imkanların və bütün bunların fonunda istəklərin olduğunu bildirdilər.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- "Metsamor" Atom-Elektrik Stansiyasının bağlanması üçün adları çəkilən ölkələrin fəal QHT-lərinin iştirakilə Beynəlxalq Koalisiyanın yaradılması təhlükənin qarşısının alınmasında mühüm rol oynaya bilər. Bunun üçün səylərin birləşdirilməsinə ehtiyac var. İdeyanın reallaşması məqsədilə ciddi iş aparılmalıdır. 1976-ci ildən istismar edilən və bir dəfə də olsun təmir olunmayan stansiyada qəza baş versə, milyonlarla insan həyatını itirə bilər. Bu təhlükənin qarşısının alınması üçün yalnız region ölkələri deyil, eləcə də, beynəlxalq birliyin də əməli addımalar atmasına zərurət var. Birmənalı şəkildə demək olar ki, "Metsamor" Atom-Elektrik stansiyası Azərbaycan, Gürcüstan, Türkiyə və İran üçün ciddi təhlükədir. Dünya ictimaiyyətinin bu təhlükənin fərqində olması üçün dörd dövlətin birliyinə və ciddi şəkildə iş aparmalarına ehtiyac var. Bir sözlə, bu ideyanın irəli sürülməsini ancaq alqışlamaq olar. Düşünürəm ki, "Metsamor" Atom-Elektrik Stansiyasının bağlanması üçün biz də QHT təmsilçisi olaraq bu prosesə ciddi şəkildə dəstək verməli, geniş iş aparmalıyıq. Əgər birlik olsa, təhlükənin qarşısını almaq olar.
"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud:
- 1976-cı ildə istifadəyə verilən "Metsamor" Atom-Elektrik Stansiyasının istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Beynəlxalq təşkilatların hesabatlarında göstərilir ki, "Metsamor" AES-də indiyədək 106 qəza baş verib. Burada diqqəti çəkən məsələlərdən biri də 2001-ci ildə Ermənistanın Avropa Şurasına qəbul olunarkən, qarşısına qoyulan tələblərdən biri də AES-in bağlanılması şərti idi. Ancaq enerji ehtiyaclarını qarşılamaq üçün alternativi olmadığından, Ermənistan bu günədək AES-i bağlamaqdan imtina edir. "Metsamor" AES-in nüvə tullanlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində basdırılması haqqında faktlar mövcuddur. Eyni zamanda, AES-ə məxsus radioaktiv maddələrin satılması ilə bağlı da çoxsaylı məlumatlar var. Bu cür nüvə materiallarının bütün dünyanı terror aksiyaları ilə hədələyən, qlobal təhlükəsizliyi ciddi şəkildə təhdid olan "İŞİD", "Əl-Qaidə" və digər bu kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə, üzləşə biləcəklərimizi təsəvvür etmək, düşünürəm ki, o qədər də çətin deyil."Metsamor" Atom-Elektrik Stansiyasının hazırda təhlükəli vəziyyətdə olan və işləyən 2 enerji blokunun nəzərdə tutulan istismar resursu artıq tam tükənib. Bir çox beynəlxalq ekspertlər bəyan ediblər ki, elektrik enerjisi hasilatından bundan sonra da istifadə edilməsi stansiyanı Çernobıl AES-də, yaxud "Fukusima-1" AES-də baş vermiş qəzalara bənzər texnogen fəlakət həddinə yaxınlaşdırır. Uzun illərdir heç bir yenilənmə işləri aparılmayan "Metsamor" AES-də ciddi qəza baş verəcəyi təqdirdə Ermənistanın özü ilə bərabər, azı ətraf 4 ölkə üçün böyük fəlakət yaradacaq. Milyonlarla insan nüvə qəzasının yaratdığı fəsadlarla üz-üzə qalacaq. Unutmamalıyıq ki, regionda böyük miqyaslı fəlakətin baş verəcəyi halda, bu, bütün dünyanın faciəsinə çevriləcək, onun ağır nəticələrinə bütün dünya qatlaşmalı olacaq. Bu cəhətdən "Metsamor" AES-in doğurduğu təhlükə yalnız Ermənistanın deyil, bütün regionun vətəndaş cəmiyyəti institutlarını, beynəlxalq təşkilatları hərəkətə gətirməli və rəsmi İrəvandan təsirli addımların atılması tələb olunmalıdır. Bu baxımdan, şura sədri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin "Metsamor" AES-lə bağlı QHT-lərin Beynəlxalq Koalisiyasının yaradılması təklifi çox faydalı və həyata keçirilməsi son dərəcə zəruri olan məsələdir. Xüsusilə vətəndaş cəmiyyəti institutlarının daha çox inkişaf etdiyi Türkiyə və Gürcüstanın QHT-ləri bu məsələyə münasibət bildirməli və koalisiyanın yaradılmasında fəal iştirak etməlidirlər. AES-lərin mövcud olduğu və bu sahədə xeyli təcrübəyə malik olan İran da artıq istismar müddəti bitmiş "Metsamor" AES-in fəaliyyətinin dayandırılması üçün Ermənistana təzyiq göstərməlidir. Biz əl-ələ verib, güclərimizi səfər edib növbəti "Çernobıl", "Fukusima-1" faciəsinin təkrarlanmasına imkan verməməliyik.
GÜLYANƏ