Ümid edirik kı, bu məqalə Qarabağın taleyi haqqında təəssuf hissi ilə yazdığım sonuncu məqalədir və bundan sonra bu mövzuda qələmə alınan bütün yazılar Qarabağda necə zəfər qazanılacağı, işğal altında olan torpaqların düşməndən necə azad ediləcəyi barədə olacaq.
Dağlıq Qarabağ probleminin kökləri qədimə uzanır və bu səbəbdən baş verən hadisələri qısa, tarixi xronoloji ardıcıllıqla bir daha qeyd etməyə ehtiyac var.
XVII əsrdə Anadolu yaylasına qədər ərazilərdə məskunlaşmış və zaman etibarilə tədricən çoxalmış ermənilər sonradan ərazi iddiası ilə də çıxış etmiş və hədəf kimi gözlərini Türkiyənin və Azərbaycanın torpaqlarına, xüsusilə də Qarabağa dikmişlər. Hələ Azərbaycan tarixinin xanlıqlar dövründə ermənilər Qarabağ xanlığında separatçı fəaliyyət göstərərək, xanlığa xarici qüvvələrin yürüşlərini təşkil edirdilər.
1805-ci il 14 may tarixli "Kürəkçay" müqaviləsi ilə Rusiyanın əsarəti altına keçən Qarabağ xanlığına, həmçinin İrəvan, Naxçıvan ərazilərinə ermənilərin köçürülməsi intensivləşdi. Hətta Azərbaycanın Rusiya ilə İran arasında iki hissəyə parçalanmasını əks etdirən 1828-ci il 10 fevral tarixli "Türkmənçay" müqaviləsinə ermənilərin bu bölgəyə köçürülmə prosesini rəsmiləşdirən bəndlər də daxil edildi ("Türkmənçay" müqaviləsi; 1828, 10 fevral; 15-ci maddə - A.Qriboyedov və İ.Paskeviç tərəfındən irəli sürülmüşdü).
XX əsrin əvvəllərindən isə ermənilər Qarabağ, İrəvan və Naxçıvan torpaqlarına real iddialarla çıxış etdilər və İrandan, Rusiyadan güclü dəstək gördülər. Belə ki, 1918-ci ildə Azərbaycanın bir çox bölgəsində (Bakı, Şamaxı, Quba, Salyan və digər bölgələrdə) yaşayan azərbaycanlılara, həmçinin həmin bölgələrdə məskunlaşmış digər etnik qruplara, o cümlədən yəhudilərə, ruslara, ləzgilərə qarşı soyqırımı törədildi, on minlərlə insan qətlə yetirildi. İnsanların erməni daşnakları tərəfindən onların yalnız erməni olmadıqları üçün düşünülmüş və sistematik şəkildə tam məhv edilməsinin tək bir məqsədi var idi və bu da əzəli türk torpaqlarının hesabına "Dənizdən- dənizə böyük Ermənistan" yaratmaq idi.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim Türk-Azərbaycan torpağı İrəvanın ermənilərə güzəştə gedilməsi ilə zahirən həmin iddiaların aradan qalxmasına səbəb oldu (1918-ci il 29 may). Lakin sovetlər dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi (1921).
Sovet İttifaqının dağılması ərəfəsi, artıq kifayət qədər institutlaşmış daşnak-ermənilər silahlanmağa müvəffəq olmuş və 1988-ci ildən etibarən azərbaycanlıların tarixi torpaqlarından - Qərbi Azərbaycandan didərgin salmağa, həmin ərazilərdə etnik zəmində zorakılıq əməllərinə başlamışlar. Qısa müddət ərzində 200 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan zorla çıxarılmış və bu hadisələr zamanı onlar misli görünməyən qeyri-insani davranışlara məruz qalmışlar. Bundan sonra daşnaklar Qarabağda separatçı hərəkata rəvac verdilər və bu bölgənin Azərbaycan əhalisinə qarşı aktiv hərbi əməliyyatlara başladılar. Bölgənin Azərbaycan Respublikasının konstitusion rejiminə qarşı səlib yürüşünə çıxan daşnaklar 1991-ci il 2 sentyabr tarixində Dağlıq Qarabağ ərazisində qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradılmasını elan etdilər və hətta "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə dəstələri" adı altında 15000 nəfərdən ibarət qanunsuz silahlı qruplar yaratdılar. Bu tarixdən etibarən onlar xarici havadarlarının və Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsini istəməyən dövlətlərin fəal dəstəyi nəticəsində Qarabağın əliyalını Azərbaycan əhalisinə qarşı müharibəyə başladılar və respublikanın o dövrdəki siyasi hərc-mərcliyi nəticəsində yaranmış vəziyyətdən yararlanaraq, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etdilər və 600 mindən çox azərbaycanlını məcburi köçkün vəziyyətinə saldılar. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxardması ilə bağlı qəbul edilmişdir, lakin işğalçı tərəf bu tələblərə əhəmiyyət vermədən işğal siyasətini davam etdirdi. Beynəlxalq ictimaiyyətin və dünyanın güclü dövlətlərinin səyləri nəticəsində 1994-cü il may ayının 12-də hərbi əməliyyatlar dayandırıldı, atəşkəs elan olundu. Atəşkəsdən sonra Dağlıq Qarabağ və işğal edilmiş ətraf 7 rayon Ermənistan Respublikasının silahlı qüvvələrinin nəzarətində qaldı.
Elə o vaxtdan bu günədək, yəni 1994-cü ildən 2016-cı ilin aprel ayınadək Qarabağ münaqişəsi ilə bağlı KİV-lərdə yalnız eyni tipli informasiya eşidildi: "Erməni silahlı bölmələri bu gecə atəşkəsi pozub, bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub". Amma nəhayət, 2016-cı il 2 aprel tarixində torpaqlarımızın işğalından sonra ilk dəfə olaraq, yeni məlumat eşitdik: "Bir sıra kənd və yüksəkliklər işğaldan azad olundu!" İldırım sürətilə yayılmış bu rəsmi məlumat Azərbaycan xalqının böyük sevincinə səbəb oldu və bu hissin nə demək olduğunu azərbaycanlı olan şəxsdən başqa heç bir kim başa düşə bilməz. İşğal olunmuş torpaqların bir hissəsini də olsa işğaldan azad etmək, təbii ki, heç də asan olmadı: Azərbaycanın onlarla igid oğlu şəhid oldu, öz ölümü ilə "Şəhidlik zirvəsi"nə ucaldı. Bu xəbəri eşidən Azərbaycan oğul və qızlarında, minlərlə gəncində cəsarət və qisas hissi daha da qüvvətləndi və bu ruh yüksəkliyi nəyinki sosial şəbəkələrdə, hətta real həyatda da açıq-aşkar hiss olunmağa başladı. Belə ki, Bakıdan və ölkənin müxtəlif bölgələrindən yüzlərlə gənc bəzi hallarda planlı və hazırlıqlı, bəzi hallarda isə kortəbii və qeyri-mütəşəkkil şəkildə cəbhəyə getdi, orada qalıb əsgərlərlə çiyin-çiyinə döyüşmək istədiklərini qətiyyətlə bildirdi. Hərbçilər isə hələ ki, ordunun kifayət etdiyini bildirib, çətinliklə də olsa, gedən gəncləri Bakıya qaytarmağa müvəffəq oldular. Aprelin 4-də isə heç kimin gözləmədiyi halda "atəşkəsin imzalanması" xəbəri rəsmi olaraq bildirildi. "Atəşkəsin imzalanması" xəbəri yayılanda qisas almaq istəyən vətəndaşların necə heyifsiləndiyini sözlə belə ifadə etmək çətin olar. Amma bunu demək lazımdır ki, bir millət ki atəş yox, atəşkəs zamanı heyifsilənir o millətdən qorxmaq lazımdır! Millətin bu reaksiyası səbrin tükəndiyini açıq - aydın nümayiş etdirir. Bu gün də elə bu məqalə yazılan zaman minlərlə Azərbaycan gənci respublikanın müxtəlif bölgələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının və Azərbaycan Ordusunun yanında və dəstək olduğunu nümayiş etdirmək üçün silsilə aksiyalar keçirir və Azərbaycanın haqq səsini dünyaya çatdırmaq məqsədilə bəyanatlar verir.
Nəticə olaraq cari ilin aprel ayının əvvəlində olan bu qısa və önəmli hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqının qəlbində daşıdığı Qarabağ sevdası heç bir zaman ölməyəcək və bu sevdanı yaşatmaq naminə canlarından keçməyə hazır olan on minlərlə Azərbaycan gənci var. Azərbaycan Ordusu da 4 günə bir sıra kənd və strateji yüksəkliyi işğaldan azad etməklə daima təhlükə altında olan bir sıra Azərbaycan kəndlərinin təhlükəsizliyini təmin etməklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!" bəyanatının tam həqiqətə uyğun olduğunu sübut etdi.
Nərmin Allahverənova,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar
Mərkəzinin böyük laborantı