"Multikultural dəyərlər və azərbaycançılıq" mövzusunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İsmayıllıda Şirvan zonası üzrə regional müşavirəsi keçirilib.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini böyük ehtiramla yad ediblər. Daha sonra, qonaqlar İsmayıllı rayon Tikiş fabrikində qadınlar üçün yaradılan iş şəraiti ilə tanış olublar.
Müşavirədə çıxış edən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov belə bir tədbirin keçirilməsi üçün multikultural məkan olan İsmayıllının seçilməsinə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan təkcə əhalisinin etnik zənginliyi ilə deyil, həm də bütün xalqlara hörmətlə yanaşılması, onların sülh və firavan şəraitdə birgə yaşaması ilə dünya ölkələrinə nümunədir:"İnamla demək olar ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının tərkib hissəsi, dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan multikulturalizmin Azərbaycan nümunəsi ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dünyada rəğbətlə qarşılanır və bir çox ölkələrin ali məktəblərində tədris edilir".
Tədbirdə məruzə ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, ictimai və siyasi model olaraq multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti əks etdirir:"Azərbaycanda normal multikultural əhvalın olması - müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması tarixin qədim dövrlərindən qidalanır. Dövlət başçısı Cənab İlham Əliyevin dediyi kimi "Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və svilizasiyaların bir araya gəldiyi məkan olmuşdur". Azərbaycanın müstəqilliyini bərpa etməsinin ilk dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə, siyasət müstəvisinə keçirdi".
YAP-ın İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva çıxışında qeyd edib ki, ölkəmizdə mövcud olan multikultural dəyərlərin geniş miqyasda təbliğ olunması önəmlidir. Bu cür tədbirlərin keçirilməsi dövlətimizin və xalqımızın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir: "Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multukultural dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və dövlətçilik prinsipləri baxımından mənəvi və siyasi birliyini əlaqələndirir. Azərbaycan tolerant dövlətdir, dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır". "Azərbaycanda tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad və firavan hiss ediblər", - deyən N.Əliyeva onların özlərinə qarşı həmişə tolerant münasibət gördüklərini və mədəniyyətlərini yaşatdıqların bildirib. Onun dediyinə görə, Azərbaycanda yaşayan 20-dən çox xalqın dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır.
O, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinin səbəbsiz olmadığını, multikulturalizm dəyərlərinin qorunması və təbliğinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini, ölkəmizdə dilindən, dinindən və irqindən asılı olmayaraq, bütün xalqların nümayəndələri üçün əlverişli mühit yaradıldığını, kilsələrin, sinaqoqların tikintisinə dövlət vəsaitinin ayrıldığını, eləcə də Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu sahədə gördüyü təqdirəlayiq işlərin də dünya miqyasında nümunə olduğunu bildirib.
Müşavirədə çıxış edən YAP Qadınlar Şurası sədrinin müavini, millət vəkili Sevinc Hüseynova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, YAP Yasamal rayon təşkilatı qadınlar şurasının sədri Tamella Şalbuzova, YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, YAP Şamaxı rayon təşkilatı qadınlar şurasının sədri Gülnisə Ələkbərova, YAP Göyçay rayon təşkilatı qadınlar şurasının sədri Zivər Zeynalova, YAP Ağsu rayon təşkilatı qadınlar şurasının sədrinin müavini Sevil Mirzəliyeva, YAP Kürdəmir rayon təşkilatı qadınlar şurasının sədri Sevda Hacıyeva qeyd ediblər ki, ölkəmizdə müxtəlif dini konfessiyalar əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Bu uğurlu siyasət nəticəsində multikulturalizm Azərbaycanda həyat tərzinə, xalqımız üçün mühüm demokratik dəyərə çevrilib. Milli azlıqların dilinə, dininə və mədəniyyətinə hörmətlə yanaşılır. Bu mənada, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünya dövlətlərinə bir sülh mesajıdır. Qeyd olundu ki, YAP-ın hər bir üzvü, xüsusən də qadınlar bu ilin uğurla başa çatması üçün səylə çalışacaq, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan, Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə, multukultural dəyərlərin davamlı və ardıcıl təbliğ olunmasında fəal iştirak edəcəklər.
Zümrüd BAYRAMOVA