Mayın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XX Respublika Elmi Konfransının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, builki konfrans "Multikulturalizm ili" çərçivəsində və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutur. Konfrans gənclərə imkan verir ki, Azərbaycanın davamlı inkişafını və çiçəklənməsini təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşsünlər, elmi biliklərini daha da zənginləşdirsinlər. Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyini nəzərə çatdıran nazir müavini təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını söyləyib. Özünun inkişaf strategiyasını insan kapitalının və intellektual resursların üzərində quran ölkəmiz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi prinsipinə sadiqdir.
Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir müavini "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qarşıya qoyduğu strateji istiqamət və hədəflərin Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirdiyini bildirib. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır.
Tədbirdə çıxış edənlər gənclərin elmi-tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər.
İki gün davam edəcək konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb.
Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir.
Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.
NƏZAKƏT