Dünən AMEA Rəyasət Heyəti, AR Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Elmi-Praktik Konfrans keçirilib. Konfrans "Elektron tibbin multidissiplinar problemləri" I Respublika elmi-praktik konfransı da elektron səhiyyənin formalaşdırılmasına elmi dəstək verilməsi və prioritetlərin müəyyənləşdirilməsi, bu sahədə aparılan elmi-tədqiqatların əlaqələndirilməsi, eləcə də xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı əməkdaşlıq əlaqələrinin təşkili məqsədinə xidmət edib.
AMEA-nın əsas binasının dairəvi zalında keçirilən tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları və tibb sahələri üzrə aparıcı alim və mütəxəssisləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirib. Elektron tibbin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu bildirib, bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Akademik səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün elmdə əldə olunmuş nailiyyətlərə əsaslanmaq, innovativ texnologiyaların geniş tətbiqinin vacib şərtlərdən olduğunu bildirib. İKT-nin müxtəlif sferalarda, o cümlədən tibbdə tətbiqinin Prezident İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirildiyini qeyd edən A.Əlizadənin sözlərinə görə, dövlət başçısının rəhbərliyi və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın humanist təşəbbüsləri sayəsində ölkədə səhiyyə sisteminin inkişafı, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. A.Əlizadə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əsas istiqamətlərindən birinin də, məhz elektron səhiyyə sisteminin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi olduğunu qeyd edib.
AR səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxışında ölkədə elektron tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışıb. O bildirib ki, bu istiqamətdə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində kompleks tədbirlər həyata keçirilir.
AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkədə səhiyyə və tibb elminin inkişafına göstərilən qayğıdan söz açıb. Son zamanlar səhiyyə sistemində uğurlu islahatlar aparıldığını qeyd edən akademik Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi sayəsində bütün regionlarda yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının klinika və sağlamlıq mərkəzlərində uğurla tətbiq edildiyini, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyünü söyləyib.
O, akademiyada biotibb sahəsinin inkişaf tarixindən bəhs edərək, hələ keçən əsrin 70-ci illərindən başlayaraq akademik Cəlal Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bioinformatika məktəbinin əsasının qoyulduğunu vurğulayıb. Azərbaycanda e-elmin inkişaf etdiyini, elmi müəssisələrin prioritetlərinin yeniləndiyini, superkompüter texnologiyalarının böyük imkanlar vəd etdiyini söyləyən Ə.Əmiraslanov herontologiya, kök hüceyrələri sahəsində aparılan tədqiqatların əhəmiyyətini qeyd edib.
Akademik, həmçinin biotibb sahəsində elmi kadrların hazırlanmasının ən böyük problemlərdən olduğunu bildirib. Natiq ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə yüksək texnologiyaların tətbiqi ilə biotibb sahəsində biliklərin tədrisinin gücləndirilməsinin zəruriliyini ifadə edib.
Xarici elmi mərkəzlər ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərinə də toxunan Ə.Əmiraslanov ABŞ, Cənubi Koreya, İngiltərə və s. kimi dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmağın, davamlı əlaqələrin qurulmasının zəruriliyini bildirib.
Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri" mövzusunda məruzə ilə çıxış etdi. Akademik elektron tibbin elektron hökumətin tərkib hissəsi olduğunu qeyd edərək, bu sahədə mövcud problemlərin multidissiplinar xarakter daşıdığını nəzərə çatdırıb. İnstitut direktoru rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində elektron tibb sahəsində həyata keçirilən tədqiqatlardan söz açıb. R.Əliquliyev, həmçinin e-tibbin sürətli inkişafının təmin olunması üçün tibbi informatika ixtisası üzrə mütəxəssis və elmi kadrların hazırlanması, bu sahəyə dair dərslik və dərs vəsaitlərinin məzmununun yenilənməsi, tibb işçilərinin İKT biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin vacibliyini də qeyd edib.
Tədbirdə, həmçinin AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mövcud tibbi informasiya sistemlərinin imkanları haqqında", Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli "Tibbi təhsildə kompüter texnologiyaları", AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Azərbaycan Respublikasında tibbi informatikanın təşəkkülü və perspektivləri" mövzusunda çıxış ediblər.
Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirilib.
ZÜMRÜD