PDF Oxu

Sosial

  • 31

Suraxanıda Respublika Günü münasibəti ilə "Azərbaycanın müstəqilliyi: beynəlmiləlçilik, birgəyaşayış və multikulturalizm ənənələri" mövzusunda konfrans keçirilib

Suraxanıda Respublika Günü münasibəti ilə "Azərbaycanın müstəqilliyi: beynəlmiləlçilik, birgəyaşayış və multikulturalizm ənənələri" mövzusunda konfrans keçirilib

28 May - Respublika Günü münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Suraxanı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanın müstəqilliyi: beynəlmiləlçilik, birgəyaşayış və multikulturalizm ənənələri" mövzusunda konfrans keçirilib. Öncə konfrans iştirakçıları Ulu Öndərin Suraxanı rayon icra hakimiyyətindəki büstünü ziyarət etdikdən sonra Heydər Əliyev Parkında rayonda yaşayan müxtəlif xalqların nümayəndələrinin hazırladığı sərgiyə və "Gözəl şəhər: Bakı riqalıların gözü ilə" adlı foto-sərgiyə baxıblar.

Rayon icra hakimiyyətinin akt zalında keçirilən konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Xalq Cümhuriyyətinin 98 illiyi münasibəti ilə konfrans iştirakçılarını təbrik edərək qeyd edib ki, ölkəmiz Şərqin ilk demokratik respublikası olmuşdur:"98 il bundan əvvəl - 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik üsul-idarəyə əsaslanan cümhuriyyət quruldu. Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu. Bugünkü konfransın məqsədi bir daha tarixə nəzər salmaq, 23 ay müstəqil yaşayan Azərbaycan Xalq Cümhuriyyəti dövründə və 71 il sovetlər birliyinin tərkibində yaşadıqdan sonra 1991-ci ilin 18 oktyabrında yenidən müstəqillik əldə edən ölkəmizdə multikultural dəyərlərin cəmiyyətin inkişafına təsirlərini diqqətə çatdırmaqdır".

O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin dövlətçilik dühası, siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir.

Ulu Öndər Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov qeyd edib ki, beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün zəruri şəraitin mövcudluğunu, dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini görürük.

Konfransda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev "Multikulturalizm nəzəri fikrin işığında", Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov "Müasir dövrdə Azərbaycan Respublikasının daxili və xarici siyasətində multikulturalizm", AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Abşeron Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev "Suraxanı rayonunda multikulturalizmin tarixi kökləri (tarixi-etnoqrafik materiallar əsasında)" adlı məruzələrlə çıxış ediblər. Natiqlər Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən, onun ideya əsaslarından, nəzəri müddəalarından, praktik təzahürlərindən danışıblar.

ZÜMRÜD

Digər xəbərlər