PDF Oxu

Sosial

  • 32

Dövlət Sərhəd Xidmətinin Akademiyasında 28 May Respublika Günü qeyd olunub

Dövlət Sərhəd Xidmətinin Akademiyasında 28 May Respublika Günü qeyd olunub

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 28 May Respublika Günü münasibətilə təntənəli tədbirlər keçirilir, şəxsi heyətə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə, xalqımızın müstəqillik və dövlətçilik ənənələri haqqında ətraflı məlumatlar verilir. Bu əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri minnətdarlıq hissilə qeyd edilir.

Respublika Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Qasımlı, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi polkovnik Elşən Verdiyev Xalq Cümhuriyyətinin yaradılmasını xalqımızın ictimai-siyasi və mədəni inkişafının, milli oyanışının məntiqi nəticəsi olduğunu bildiriblər.

Şərqin və türk dünyasının ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqların verilməsi, qadınların seçki hüquqlarının tanınması, milli ordunun, hüquq-mühafizə və təhlükəsizlik strukturlarının, sərhəd mühafizə qüvvələrinin yaradılması, müstəqil dövlət quruculuğunda qazanılan digər nailiyyətlər iftixar hissi ilə xatırlanıb.

Tədbirdə Xalq Cümhuriyyətinin sərhədlərin mühafizəsi istiqamətindəki fəaliyyəti xüsusi qeyd olunub. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirildiyi və Onun sayəsində mühüm xidməti nailiyyətlərin qazanıldığı bildirilib. Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan quruma çevrilməsi vurğulanıb.

Tədbirin sonunda Respublika Günü münasibətilə təşkil olunan sərgiyə baxış keçirilib.

ZÜMRÜD

Digər xəbərlər