Hakim partiyanın nümayəndələri bu addımı davam etdirirlər
Cari ilin aprel ayı dördgünlük qalibiyyətli müharibə ilə başlayaraq BMT Təhlükəsizlik Şurasının Bakıda keçirilən VII Qlobal Forumu ilə başa çatdı.Sözügedən hər iki hadisə bütün dünyanın diqqətini Azərbaycana yönəltdi, dünya KİV-i bu məsələlərlə bağlı dönə-dönə yazdı, süjetlər çəkib göstərdi, tanınmış siyasətçilər və dövlət başçıları öz münasibətlərini sərgilədilər. Səbəb də bəlli idi. Qısa müddətdə böyük inkişaf yolu keçən Azərbaycan multikulturalizmi və tolerantlığı ilə ölkə daxilində birlik və mehribanlığı bərqərar edən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində inkişaf etmiş dövlətlər üçün nümunəyə çevrildi və ayın sonunda keçirilən bu möhtəşəm tədbir həm də ayın başlanğıcında cəbhədə əldə edilən qələbə sayəsində daha uca və əzəmətli görünürdü!
Qüdrətli ordunun məğrur sərkərdəsi
Prezident İlham Əliyev forumdan dərhal sonra qalib ordunun məğrur sərkərdəsi kimi əsgər və zabitlər, mülki əhali ilə görüşə getməsi yerli əhaliyə ürək-dirək verdi, düşməni isə qorxuya saldı. Çünki öz torpağında olan qalib ordunun Ali Baş Komandanının cəbhə bölgəsindəki çıxışlarında Ermənistana qorxu hissləri yaratdı: "Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək".
Bəli, Azərbaycan Ordusu hər an irəliyə getməyə, işğal altındakı torpaqları azad etməyə hazırdır və qadirdir! Elə bu inamın nəticəsidir ki, dinc əhali başına mərmi tökülsə də, ev-eşikləri dağılsa da, heç yana tərpənmir, ordusuna və Ali Baş Komandanına güvənərək gündəlik həyatlarını davam etdirirlər. Məhz bu ruh yüksəkliyi ilə Ali Baş Komandanın bir əmri ilə xalq və ordumuz qısa müddətdə mənfur düşməni torpaqlarımızdan qovmağa hazırdır!
Dövlət başçısı, Ali Baş Komandanın cəbhəyə getməsi göstərdi ki, xalqımıza, orduya qayğı və dəstək var. Ölkə başçısı 2003-cü ildə Prezident seçilərkən bildirmişdi ki, "Mən hər bir azərbaycanlının Prezidentiyəm". O öz fəaliyyəti dövründə də bunu sübut etdi. Bu gün da həm ölkə başçısı, həm də Ali Baş Komandan kimi döyüş bölgəsinə getməsi, əhalilə ünsiyyətdə olması, onlara dəyən ziyanın bərpa olunacağını deməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb.
Digər bir məqam isə, ölkə Prezidentinin hərbçilərə mükafatları, məhz cəbhə bölgəsində şəxsən təqdim etməsi hər bir hərbçi üçün yaddaqalan və mühüm bir ana çevrildi və dövlət başçısı və xanımının atəş altında, çətin vəziyyətdə olan bölgələrə səfəri nümunəvi addım olmaqla, həm də ruh yüksəkliyi baxımından səfərin əhəmiyyəti böyükdür. Eyni zamanda, bu səfər hərbçilərin ruh yüksəkliyinin qorunub-saxlanılması baxımından böyük əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan Prezidenti Ali Baş Komandan kimi göstərdi ki, orduya hərtərəfli qayğı göstərir, cəbhə bölgəsinin sakinlərinin həyat şəraiti diqqət mərkəzindədir. Səfər zamanı dövlət başçısının yüksək əhvali-ruhiyyədə olması və prinsipial mövqedə dayanması həm də orduya və əhaliyə də sirayət etdi. Bu, indiki həssas məqamda həm də dünyaya cəsarətli mövqenin nümayişi idi. Azərbaycan Prezidenti göstərdi ki, kənar təzyiqlərə, təlqinlərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyündən imtina etməyəcək.
Baş nazirin müavini dövlətin mövqeyini ifadə edir
Ölkə Prezidentinin cəbhə bölgəsinə səfəri bir daha təsdiq etdi ki, mövcud iqtidar daim xalqın yanındadır. Yeni Azərbaycan Partiyasının nümayədlərinin də cəbhə bölgələrinə səfərləri, xalqın yaşamı ilə maraqlanmaları bu amili bir daha təsdiqləyir. Elə bu günlərdə Baş nazirin müavini, YAP-ın Sədrinin müavini, İcra katibi Əli Əhmədovun rəhbərliyi ilə bir qrup Milli Məclisin deputatları Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində dağılmış evlərə baş çəkiblər. Görüş zamanı Əli Əhmədov çıxış edərək, bildirib ki, apreldə cəbhədə baş verən hadisələr qəhrəman döyüşçülərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpa edilməsi naminə hər cür qəhrəmanlıq göstərməyə hazır olduğunu nümayiş etdirdi: "Əsgərlərimizin qəhrəmanlığı, şücaəti, erməni təxribatına verdiyi layiqli cavab, eyni zamanda, Tərtər əhalisinin göstərdiyi dəyanət Azərbaycanı uzun illərdən bəri gözlədiyimiz qələbəyə yaxınlaşdırır. Azərbaycan xalqı öz hərbi qüvvələri ilə fəxr edə bilər. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqları azad edəcək".
Əli Əhmədov, həmçinin onu da vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən ötrü aparılan diplomatik danışıqlarda irəliləyişlər müşahidə olunmaqdadır: "Prezident İlham Əliyev bununla bağlı dövlətin, xalqın və şəxsən Prezident olaraq, özünün mövqeyini dəfələrlə bəyan edib. Biz münaqişənin dinc yolla həllini, işğala qan tökülmədən son qoyulmasını istəyirik və buna tərəfdarıq. Amma bir şərtlə ki, Azərbaycanın işğal olunmuş torpaqları qeyd-şərtsiz işğaldan azad olunsun, ölkənin ərazi bütövlüyü təmin edilsin. Əgər bu şərtlər daxilində münaqişə həll olunmasa, təbii ki, problemi həll edən başlıca amil Azərbaycan Ordusu və qəhrəman əsgərlərimiz olacaq".
Beləliklə, son hadisələr bir daha göstərdi ki, Azərbaycan torpaqlarının işğal altında qalması uzun sürməyəcək və hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün bir yumruq kimi birləşməyə hazır olduğunu, işğal altındakı ərazilərimizi azad etmək üçün əllərinə silah almağa hazırdır.
RƏFİQƏ KAMALQIZI