Bu yarış dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənəcək
Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun bu inamın göstəricisidir. Ölkəmizdə biri-birini ardınca təşkil olunan beynəlxalq tədbirlər "Euravision" mahnı yarışması, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və onlarla belə tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşadığı məkanda keçirilir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirilən tədbirlər ölkəmizin idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu nailiyyət idman və bədən tərbiyəsinə göstərilən diqqət və qayğıdır. Ötən onillikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı bir sıra Sərəncam və fərmanları da respublikamızda bədən tərbiyəsi və idman sahəsində uğurlara yol açıb. Belə ki, bədən tərbiyəsi və idmanın inkişafına dair Dövlət Proqramı, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının və "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" və digər sənədlər idmana və idmanın inkişafına göstərilən yüksək qiymətin təzahürüdür. Azərbaycanın iştirak etdiyi beynəlxalq idman yarışlarında, Olimpiya Oyunlarında qazandığı nailiyyələri dövlətin idmana, gənclərə qayğısından irəli gəlir. Keçən qısa zamanda əldə olunan nailiyyətlərə nəzər salsaq, görərik ki, Azərbaycan idmançıları çoxlu sayda qızıl, gümüş, bürünc medallara sahib olublar. 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi və s. dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. Azərbaycan həm idman üzrə uğurları ilə, həm də dünya və Avropa səviyyəli çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilib. Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Krystal Hall", "Sərhədçi" İdman Kompleksi, Əl Oyunları Sarayı və Bakı Ekspo Mərkəzi və s. idman mərkəzlərinin ölkəmizdə mövcudluğu bu oyunların keçirilməsinə şərait yaradır.
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi, böyük etimad, Azərbaycana olan inamdan doğmuşdur. Ötən il iyunun 12-dən 28-dək keçirilən ilk Avropa Oyunlarında Azərbaycan Oyunların standartlarını, səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının məntiqi idi. Dünyanın 17 gün ərzində izlədi bu oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirməsi, açılış mərasiminin mükəmməlliyi, qeyri-adiliyi, möhtəşəmliyi, eləcə də bağlanış mərasimindəki təqdimat tarixiləşdi, xatirələrdə ən gözəl günlər olaraq kök saldı. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi.
İdman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinin nəticəsidir ki, elə Azərbaycan bu ilin ən populyar 3 idman şəhəri sırasına daxil olub. Belə ki, bu sırada Bakı, Paris və Rio-de-Janeyro yer alıb. Artıq Azərbaycan daha bir dünya yarışı ərəfəsindədir. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"-in Bakı mərhələsinə artıq saylı günlər qalıb. Dünyanın ən elit yarışlarından olan "Formula 1"-in qonaqlarını Bakı qəbul edəcək. Mötəbər yarışın möhtəşəmliyi üçün hər cür tədbirlər görülüb. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı qonaqlar YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər. Bakıda keçiriləcək yarışlara maraq böyükdür. "Formula-1" Avropa Qran-Prisinin keçirildiyi günlərdə Bakıya 10 mindən artıq turistin gələcəyi gözlənilir. Ümumilikdə, 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. Məşhur yarış 190 ölkədə 500 milyondan artıq azarkeş tərəfindən izlənəcək.
Yarışın keçiriləcəyi ərazidə bütün təhlükəsizlik tədbirləri görülüb və yarış günü də bu qaydalara ciddi şəkildə riayət olunacaq. Xatırladaq ki, böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının ofisləri, "Formula-1" rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. Yarışla bağlı son tamamlama işləri aparılır.
Bakı bütün iştirakçı və qonaqları hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayacaq. Bakıya gələn və "Formula-1"-in iştirakçısı olan hər kəs bu möhtəşəmliyi görəcək və bir daha aydın olacaq ki, Azərbaycan idman ölkəsidir, dünya arenasında yeri və rolu var.
Nəzakət ƏLƏDDİNQIZI