Erməni general: "Azərbaycanlılar tezliklə Yerevanda çay içəcəklər"
Azərbaycanın dördgünlük müharibə dövründə Ermənistanın məğlub duruma düşməsi bu ölkədə ciddi problemlər yaradıb. Streteji mövqeləri itirən Ermənistan ordusu özünün təxribatçı hərəkətlərini hərbi əməliyyatlardan sonra da davam etdirdi. Eləcə də prezident Serj Sarkisyanın "sentyabra qədər itirilmiş əraziləri geri alacağıq" bəyanatı sübut edir ki, Ermənistan işğalçı siyasətindən əl çəkmək fikrində deyil. Ermənistanın düşdüyü ağır vəziyyəti düzgün dəyərləndirib müvafiq addımlar atmaq əvəzinə, mövcud iqtidar hər gün təxribatçı bəyanatlar səsləndirir. Halbuki cəbhədəki ağır məğlubiyyətdən sonra ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşib, ölkədə faktiki olaraq sosial partlayış baş verib, insanlar kütləvi şəkildə Ermənistanı tərk edirlər, valideynlər övladlarını hərbi xidmətə göndərmirlər. Sarkisyan üçün iqtidarda olmaq daha vacibdir, nəinki erməni xalqının problemlərini həll etmək. Əslində, Ermənstanda insanlar başa düşürlər ki, Sarkisyan kriminal rejimə rəhbərlik edir və onun prezident olduğu müddətdə ölkə iqtisadiyyatı iflic olub, orduda korrupsiya pik həddə çatıb. İş o yerə çatıb ki, artıq Ermənistanda kriminal qruplaşmaları hakimiyyətə gətirənlər indi özləri onları tənqid edirlər. Məsələn, uzun müddət Rusiyada yaşayan, Dağlıq Qarabağda Azərbaycana qarşı separatizmin liderlərindən biri olmuş Samvel Babayan Ermənistanın "Civilnet" telekanalına müsahibəsində Ermənistan hakimiyyətini sərt tənqid edib. O bildirib ki, aprel əməliyyatları zamanı Ermənistan çox mühüm strateji yüksəksikləri əldən verib, halbuki həmin ərazilər Ermənistan ordusu üçün xüsusi əhəmiyyət kəsb edirdi. Babayan qeyd edib ki, Azərbaycan çox sayda silah alıb və Ermənistanı yerlə yeksan etməyə qadirdir. Onun sözlərinə görə, ermənilər nə insan potensialı, nə də silah baxımından Azərbaycanla rəqabət apara bilər: "Siz təsəvvür edin ki, onlar Naxçıvanda Rusiya və İsrail istehsalı olan reaktiv raketlər quraşdırıblar. Sual yaranır: nə üçün? Qarabağı vurmaq üçün? Əgər onlar bunu planlaşdırsaydılar, Qarabağla sərhəddə həmin silahları quraşdırardılar. Azərbaycanlılar mütləq Yerevanı vuracaqlar. Naxçıvandan Yerevana 42 kilometrdir. Həmin reaktiv raketlər isə 70-150 kilometr məsafədə hədəfi vura bilər. Biz kəndlərimizi, şəhərlərimizi onlardan qoruya biləcəyikmi? Belə getsə, azərbaycanlılar Yerevanda çay içəcəklər. Bizim əsgərlər bu qədər raketin qarşısında tab gətirə bilməzlər. Əgər 1 dəqiqədə ön xəttə 25 min mərmi düşsə, əsgər buna dözə bilərmi? Əsgərlərimiz havada raketmi tutacaqlar? Sarkisyan iqtidarı xalqı aldatmaqla məşğuldur. Hər bir gün Ermənistanın zərərinə işləyir".
Hərbi ekspert Vüqar Əsgərov "SƏS" qəzetində açıqlamasında Ermənistan ordusundakı həbslərdən danışıb: "Ermənistan ordusundakı korrupsiya faktı ilə bağlı zabitlər Armen Markaryan və Mqer Papyan həbs edilib. Onlar barəsində cinayət işi açılıb. Bu, sadəcə bir açardır, əgər istintaq düzgün aparılsa, Ermənistan ordusunun necə rəzil bir durumda olduğunu bütün dünya biləcək. Təbii ki, bunda əsas günahkar məhz elə Sarkisyandır. O, cəhd göstərəcək ki, orduduakı korrupsiya halları ilə bağlı aparılan araşdırmaları bir neçə şəxsin üzərində həll etsin. Çünki dərin araşdırma aparılsa, ipin ucu Sarkisyanın özünə gedib çıxacaq. Sarkisyan ailəsi Ermənistanda bütün strukturlardan, hətta ordu rəhbərliyindən də aylıq "haqq" alır. Bu zaman ordu rəhbərliyinin də korrupsiyaya bulaşmaması mümkün deyil.
Politoloqun sözlərinə görə, Ermənistan vaxt qazanmaq istəyir, hətta informasiyalara görə bir sıra ölkələrdən silah almaq üçün onlara yalvarır: "Təsəvvür edin, 4,5 milyard borcu olan dövlətə kim silah satar? Həm satsalar belə, bu, Ermənistanı məğlub durumdan çıxara bilməyəcək. Ermənistan rəhbərliyi təkcə Qarabağa görə deyil, həm də Yerevana görə narahatdır. Bilir ki, sabah hər hansı genişmiqyaslı əməliyyat başlasa, Ermənistan bir dövlət kimi mövcudluğunu itirə bilər. Çünki Azərbaycan növbəti dəfə güc nümayiş etdirsə, düşmən ordusu tamamailə məhv ediləcək, ermənilər ölkərini tərk edəcəklər".
Samir