Bu savaşda Azərbaycan Qarabağ məsələsində son sözün ona məxsus olduğunu dünyaya bir daha nümayiş etdirdi
Məlum olduğu kimi, aprelin 25-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ qoşunların təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasına cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri geniş əks-hücuma keçdi və nəticədə işğal altında olan bir sıra ərazilər azad olundu. 4 günlük savaşda Azərbaycan Qarabağ məsələsində son sözün ona məxsus olduğunu dünyaya bir daha nümayiş etdirdi. Həmçinin, Azərbaycan Ordusunun düşmən qarşısında üstünlüyünü göstərdi və məhz hərbi qüvvələrimizin gücü hesabına nəzərəçarpacaq irəliləyişlər əldə olundu. Azərbaycanın zəfəri həm də onu sübut etdi ki, ölkəmiz istənilən vaxt işğal altında olan torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır.
Baş verən hadisələrlə bağlı Ermənistanın "Demokratik Vətən" partiyasının siyasi şurası bəyanat qəbul edib. Həmin bəyanatda bildirilir ki, dördgünlük müharibə Ermənistanın hakim rejiminin aciz, miskin və əxlaqsız xislətini tamamilə ortaya qoydu: "Dördgünlük müharibə Serj Sarkisyanın 20 il ərzində guya Qarabağı qoruduqları barədə ictimaiyyəti aldatdıqları əfsanələr dağıldı. Hakimiyyəti dəyişməyə çalışan qüvvələr isə torpaqları verməyə hazır olan xəyanətkar qüvvə kimi təqdim edildi".
Bu savaşdan sonra Azərbaycanın əldə etdiyi hərbi-psixoloji üstünlükləri
Qeyd edək ki, "Dördgünlük müharibə" adlandırılan bu proseslərin siyasi, hərbi və psixoloji nəticələri həddən artıq çox olsa da, ən başlıca nəticə odur ki, Azərbaycan işğal altında olan ərazilərinin bir hissəsinə nəzarəti bərpa edib. Status-kvo qismən dəyişdirilib, münaqişə tərəflərinin hərbi, siyasi və psixoloji üstünlükləri baxımından tarazlıq ciddi şəkildə pozulub. Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə Azərbaycan Ordusunun iki istiqamətdə cəbhənin içərilərinə keçdiyini etiraf etməsi də Azərbaycanın daha bir psixoloji üstünlüyü sayıla bilər.
Digər bir üstünlük isə, beynəlxalq birliklərin baş verən proseslərdə Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləməsidir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi dəyişiklik baş verməsə, Azərbaycan bu status-kvonu dəyişmək hüququnu özündə saxlayır və buna qadir olduğunu "Dördgünlük müharibə"də nümayiş etdirə bilib.
Beləliklə, "Dördgünlük müharibə"nin nəticələri Azərbaycan və Ermənistanda toplumun Qarabağ məsələsində hakimiyyəti hansı formada dəstəklədiyini ortaya qoydu. Təkcə hər iki ölkədə hərbçilərin dəfn mərasimlərinin müqayisəsi bunu görməyə imkan verir.
A.SƏMƏDOVA