Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi hazırlanacaq
Müasir dünya uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzərə alaraq əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uşaqların qayğısına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə tələb olunan şəraitin yaradılmasına önəm verir. Dövrün tələblərinə cavab olaraq Azərbaycanda da bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ölkəmiz uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulub, dövlət proqramlarını reallaşdırıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsini daim diqqətdə saxlayıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı imzaladığı Fərmanı uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqlarını təmin olunmasında böyük əhəmiyyətə malikdir. Bu sənəd cəmiyyətdə uşaqların müdafiəsinə və onların inkişafına xüsusi təkan oldu.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaq- dövlət siyasəti ilə bağlı silsilə Fərman və Sərəncamlar imzalayır. Prezident İlham Əliyevin Sərəncamı ilə imzalanmış "Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı", "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", "Azərbaycan Respublikasında dövlət- uşaq müəssisələrində uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" və s. məktəblərimizin müasir kompyuter və digər İKT avadanlığı ilə təchiz edilməsində, istedadlı məktəblilərinin aşkar olunmasında və s. əhəmiyyətli rol oynadı. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti" Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkilini və həyata keçirilməsini tənzimləmiş oldu. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması idi. Eyni zamanda, uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasında əhəmiyyətli bir sənəddir.
Məlumdur ki, uşaqların məlumat azadlığı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənib. Hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır. Azərbaycanın Konstitusiyasında, Uşaq Hüquqları Bəyannaməsində, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda uşaqların hüquqları və azadlıqları təmin edilir. Uşaq- dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasına, mütərəqqi tələblər əsasında təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına istiqamətlənib. Uşaqlar valideynlərinin sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, siyasi baxışlarından asılı olmayaraq, uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqların mənafeyi hər zaman qorunur və müdafiə olunur. Uşaqların düzgün tərbiyə olunması və fiziki və əqli sağlamlığı Azərbaycan Respublikasının normativ-hüquqi aktlarında öz əksini tapmışdır.
Nəzakət ƏLƏDDİNQIZI