Bu gün dünyada mühüm və strateji sahələrdən biri də enerji siyasətidir. Dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rola malikdir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu xeyli möhkəmlənmiş, ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksələn Azərbaycan həm də bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilmişdir. Təsadüfi deyil ki, ölkəmiz, ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Çıxışının birində Prezident İlham Əliyev ölkəmizin enerji siyasətinə xüsusi önəm verərək deyib: "Azərbaycanda nəhəng qaz yataqları aşkar edilmişdir və minimum hesablamalara görə, həmin yataqlarda qazın həcmi bizim daxili tələbatımız və ixrac əməliyyatları üçün ən azı bir əsrlik dövr üçün kifayətdir. Bu gün böyük qaz yataqlarının işlənilməsi uğurla gedir və hasilat sürətlə artır. Hazırda qaz ehtiyatlarının işlənilməsinə və eyni zamanda, Azərbaycan qazını Avropa bazarlarına çatdıran tamamilə yeni və müasir infrastruktur yaradılmasına və boru kəmərlərinə xeyli sərmayə qoyulmuşdur. Qazı dənizdəki platformalardan suyun altı ilə quruya çəkilmiş, sonra isə bazarlara çatdıran geniş boru kəməri şəbəkəmiz mövcuddur. Bu baxımdan, biz fərəh hissi ilə deyə bilərik ki, enerji siyasəti sahəsində ölkəmizin qarşısında duran bütün əsas vəzifələr uğurla yerinə yetirilmişdir. Bu gün biz daha geniş enerji tərəfdaşlığı qurmaq, hasilatçı, tranzit və istehlakçı ölkələrin tələbatlarına maksimum dərəcədə cavab vermək üçün hansı əlavə işlərin görülə biləcəyi barədə gələcəyə, irəliyə doğru baxırıq".
Enerji ehtiyatlarının işlənilməsində Azərbaycan nümunəsi
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyələrdə etiraf olunmaqdadır. Dünyanın, hətta ən qüdrətli dövlətləri belə, enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də nümayiş etdirirlər. ABŞ-ın dövlət başçısı Barak Obamanın Prezident İlham Əliyevə göndərdiyi məktubda qeyd olunur ki, Azərbaycan dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısına çevrilib: "Azərbaycan beynəlxalq şirkətlərin iştirakı ilə enerji ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin nümunəsidir. 90-cı illərin ortalarında neft və qaz yataqlarının işlənilməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb Enerji Dəhlizinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru və Cənubi Qafqaz qaz boru kəmərlərinin reallaşması Sizin xüsusi nailiyyətinizdir".
Azərbaycanın Qərb ölkələri ilə mövcud enerji, o cümlədən təbii qaz sahəsində əməkdaşlıq səviyyəsi olduqca yüksək dəyərləndirilir. Bunu Barak Obamanın Prezident İlham Əliyevə göndərdiyi məktubda yer alan fikirlərdən də aydın görmək mümkündür: "Biz regional təchizatın şaxələndirilməsinə yardım etmək məqsədilə təbii qaz yataqlarınızın işlənilməsinə yönəlmiş səylərinizi dəstəkləyirik. Həm Sizin ölkəniz, həm də qonşularınız bundan bəhrələnəcəkdir. Biz karbohidrogen sektorunuzun işlənilməsi sahəsində işləri bu cür davam etdirməyinizi alqışlayırıq".
Bütün bunlar Azərbaycanın bir daha dünyanın enerji siyasətində kifayət qədər vacib rol oynayan tərəflərdən biri kimi çıxış etdiyini göstərir. Məhz elə bu kimi faktlar Azərbaycanın Avropanın, ümumilikdə isə dünyanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu açıq etiraf edilir və ölkəmizlə əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə beynəlxalq maraq çoxalır.
RƏFİQƏ KAMALQIZI