PDF Oxu

Sosial

  • 41

Tarixi qayıdışın əbədiyaşar təntənəsi

Tarixi qayıdışın əbədiyaşar təntənəsi

4 iyun Gəncə hadisələrindən 23 il ötür

Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşan Azərbaycanın müstəqillik taleyi çətinliklərlə dolu olub. Ölkəyə rəhbərlik edənlərin naşılığı və müxtəlif adamların tabeçiliyində olan qeyri-qanuni silahlı birləşmələrin qanunazidd əməlləri vəziyyəti getdikcə gərginləşdirirdi. 1992-ci ilin mayında hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi ağır nəticəsini büruzə verirdi. Məhz bunun nəticəsində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi.

Vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə

1993-cü ilin yayında ölkədə vəziyyət getdikcə ağırlaşır, müstəqilliyimiz təhlükə altına düşürdü. Azərbaycan daxilində cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər ölkənin dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı. AXC-Müsavat hakimiyyəti bu təhlükələrin qarşısının alınması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi.

Təbii ki, bütün bunlara görə də, Azərbaycan vətəndaşları həm ölkəmizin müstqilliyinin başının üstünü almış təhlükəni sovuşdurmaqdan ötrü, həm də digər təhdidlərin qarşısının alınması üçün real addımların atılmasını gözləyirdilər.

Belə bir ağır məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da ağırlaşmasına yol açan məntiqsiz qərarlar verməkdə davam edir, ölkəni, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də sabiq korpus komandiri, AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi və Gəncədə yerləşən 709-cu briqadanın ləğvi ilə bağlı əmr imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim barədə qərara tabe olmayan S. Hüseynov isə tabeçiliyində olan hərbi hissənin əsgərlərinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə S. Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Artıq ölkə vətəndaş müharibəsinin astanasında idi. Məhz belə bir çətin zamanda xalqın diqqəti Naxçıvana yönəlmişdi. Çünki düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev dövlətin yeganə nicat yolu idi. Ona görə də Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın o zamankı hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

Sonralar Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı bildirirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Bu gün məhz Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır.

R.KAMALQIZI

Digər xəbərlər