PDF Oxu

Sosial

  • 37

Ekoloji vəziyyətin yaxşılaşdırılması diqqət mərkəzindədir

Ekoloji vəziyyətin yaxşılaşdırılması diqqət mərkəzindədir

5 iyun tarixi Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunur

Ətraf mühitin qorunması, canlı aləmin təhlükədən xilası bəşəriyyəti narahat edən məsələlərdəndir. Dünya ölkələrini düşündürən prioritet sahələrdən hesab olan ekoloji mühitin qorunması üçün irqindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq hər bir insan təbiəti sevməli, ondan qayğı və nəvazişini əsirgəməməlidir. İyirmibirinci yüzillikdə bu məsələ qloballaşdığından demək olar ki, dünyanın hər bir nöqtəsindən həyəcan səsi eşidilir. 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadimi BMT-nin Baş katibinə ünvanlanan müraciətdə "ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar", - yazaraq bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq etmişdilər. Müraciətdən sonra 5 İyun Ümumdünya Ətraf Mühit Gününün qeyd olunması 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edildi. Baş Assambleyanın bu sessiyasında BMT sistemində BMT Ətraf Mühit Proqramı yaradıldı. İndi hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.

Müasir dövrümüzdə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ətraf mühitin qorunması da diqqət mərkəzində olub. Təbii ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ətraf mühitin modern və çevik idarə olunmasını zərurətə çevirib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı", "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və digər dövlət proqramlarda ətraf mühitin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulmuş tədbirlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində ölkəmizdə milyonlarla ağac əkilib, yeni parklar salınıb, ətraf mühit çirkablardan, tullantılardan təmizlənib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı"nın layihəsi hazırlanıb ki, bu da ölkədə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına töhfələrini verəcəkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ətraf mühitin qorunması sahəsində önəmli layihələr həyata keçirilib. BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN), Dünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) tərəfdaşlarından olan İDEA-nın təşəbbüsü ilə paytaxtımızda bəbirlərin mühafizəsi sahəsində bilik və təcrübə mübadiləsi məqsədi daşıyan Qafqaz Biomüxtəlifliyi Sammiti keçirildi. "Təbiətin gözləmək üçün vaxtı yoxdur", - deyən Leyla xanım Əliyeva məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almaq məqsədi ilə ardıcıl tədbirlər həyata keçirir. IDEA Qafqaz faunasının nadir heyvan növləri olan qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan "Qafqazın böyük beşliyi" layihəsini həyata keçirir.

Xəzər dənizinin ekoloji vəziyyəti, onun zəngin faunasının qorunması məqsədi ilə IDEA dəniz, ətraf mühiti üzrə ixtisaslaşmış aparıcı beynəlxalq mütəxəssislərlə sıx şəkildə əməkdaşlıq edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu və IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə nəşr edilmiş iki cildlik "Ekoloji Menecment" dərs vəsaiti də elə ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, bu sahələrin lazımı səviyyədə qorunmasında əhəmiyyət daşıyır. Əlbəttə ki, bu gün ekoloji mühitin təmizliyindən danışırıqsa, demək, onun mühafizə və müdafiəsi, Azərbaycan təbiətinin qorunması hər birimizin borcu və vəzifəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər