Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və rayon polis idarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Suraxanı rayon polis idarəsinin rəisi Namiq Həsənov qeyd edib ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır: "Artıq "ağ ölüm" kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, bu dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir".
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin "Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan verib.
Tədbirdə çıxış edən Suraxanı rayon prokuroru Rəhim Əliyev, rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinini rəisi Anar Rüstəmov, rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov bildiriblər ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.
Sonda "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı videoçarx nümayiş olunub.
ZÜMRÜD