PDF Oxu

Sosial

  • 23

Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsinin əhatə dairəsi genişlənməkdədir

Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsinin əhatə dairəsi genişlənməkdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə "Azərbaycan dilini öyrənirik" layihəsini həyata keçirir. Layihəyə əsasən, rusdilli əhali üçün ödənişsiz Azərbaycan dili kursları təşkil olunur.

"Jen Mironosist" Rus Provaslav Kafedral Kilsəsində layihənin ikinci mərhələsinin açılış mərasimi keçirilib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Bakı Yeparxiya İdarəsinin katibi Protoiyerey Mefodiy mərasimdə çıxış edərək rusdilli əhalinin ölkəmizin ictimai həyatına daha da yaxından inteqrasiya edilməsində layihənin önəmini vurğulayıblar, onların Azərbaycanda gedən quruculuq işlərinə öz töhfələrini verməsi üçün yaradılan şəraitdən bəhs ediblər.

Qəbələ rayonunda udilərin kompakt yaşadığı Nic qəsəbəsində də "Azərbaycan dilini öyrənirik" layihəsi üzrə dövlət dilinin tədrisinə başlanılıb. Kursun açılış mərasimində çıxış edən Bilik Fondunun Ölkədaxili Layihələr sektorunun müdiri Hacı Abdulla layihənin əhəmiyyətindən bəhs edərək deyib ki, Nicdəki Alban-Udi Xristian Dini İcmasının və yerli ictimaiyyət nümayəndələrinin də layihəyə qatılmaq barədə müraciətləri olub.

Nic qəsəbə 2 nömrəli məktəbin direktoru Asya Qukasova çıxış edərək bildirib ki, udi məktəbliləri Bilik Fondunun "Qardaşlaşmış məktəblər", "Qafqaz Albaniyasının intibahı", "İlboyu bilik" layihələrində, idman, foto, inşa, rəsm müsabiqələrində xüsusi fəallıq göstərirlər. Bu kursun açılması da gərəkli və xeyirxah təşəbbüsdür. Heydər Əliyev Fondunun inşa etdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın açılışını etdikləri təhsil ocağında "Multikulturalizm kabineti" açılır və kurslar da bu kabinetdə aparılacaqdır.

Dinləyicilərdən Albert Vəzirov, Samson Totari, Aleksey Mancari çıxışlarında kursun açılışını çoxdan gözlədiklərini söyləyiblər, Azərbaycan dili ilə yanaşı kompüter, ingilis dili kurslarının açılmasının da gərəkli olduğunu diqqətə çatdırıblar.

Açılışdan sonra "Multikulturalizm kabineti"ndə keçirilən "Azərbaycan dilini öyrənirik" kursunun Azərbaycanda "Multikulturalizm ili"nə həsr olunmuş ilk dərsini Hacı Abdulla aparıb, udilərin tarixi, mədəniyyəti, məskunlaşma arealı, Azərbaycan tarixində yeri və rolundan danışıb. Qeyd edilib ki, dövlətimizin diqqəti və qayğısı sayəsində dil, din, özünəməxsus mədəniyyət, adət-ənənələri inkişaf etdirilir, udi xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur. Görüşdə, həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi dövlət tərəfindən udilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda dinləyicilərə dərsliklər, Azərbaycan dilində kitablar hədiyyə edilib.

Ü.ƏSGƏROV

Digər xəbərlər