Ramazan ayında tutulan orucun fəziləti və ərkanları
Hörmətli müsəlmanlar, bildiyimiz kimi Allah-Taala bizə Ramazan ayında oruc tutmağı əmr edib, bu ilahi əmri yerinə yetirmək üçün isə, oruc haqqında lazım olan əsas məlumatları bilməliyik. Oruc tutan adam orucun hökmünü, orucun necə tutulmasını, orucun vaxtını, orucu pozan kimi zəruri şərtləri bilməlidir ki, oruc tutarkən səhvə yol verməsin və Allah-Taala da onun orucunu qəbul etsin. Bu məqsədlə sizə, orucla bağlı bəzi əsas şərtləri çatdırmaq istəyirik.
Orucun hökmü
Əvvəla, oruc nə deməkdir? Oruc - niyyət edib, dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir. Ramazan ayındə oruc tutmaq Allah-Taalanın əmridir və bu hər bir müsəlmana vacibdir. Uca Allah buyurur:
"Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz." (əl-Bəqərə, 2:183).
Oruc tutmağa qadir olan hər bir həddi-büluğa çatmış, ağlı başında olan müsəlman kişi və qadın Ramazan ayının orucunu tutmalıdır. Lakin bəzi istisna hallar var ki, bu hallarda oruc tutmaq vacib sayılmır. Məsələn, xəstə və müsafir (qonaq) olanlar, başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur:
"Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir." (əl-Bəqərə, 2:185).
Oruc tutmağa necə niyyət edək
Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək zəruri deyil. Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidir. Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərt deyil, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən olunan niyyət kifayətdir.
Oruc tutmaq üçün sübh tezdən yemək (Səhur)
Səhur, yəni sübh tezdən müəyyən olunmuş vaxtda, sabah namazı girməmişdən yeyilir. Əlbəttə, sübh tezdən qalxıb yemək vacib deyil, amma bunu etmək müstəhəbdır və Peyğəmbərimizin (s.a.s) sünnətinə uyğundur. Peyğəmbər səllallahu-aleyhi və səlləm demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
İftar
Oruc açmaq, yəni iftar, gün batdıqdan sonra edilir. Uca Allah buyurur:
"Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın." (əl-Bəqərə, 2:187). İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu-aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: "İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Orucu pozan şeylər
Qəsdən qusmaq; gün batmamış oruc tutmaq niyyətindən dönmək; islamdan çıxmaq; yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur); Siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq; bilərəkdən məni (sperma) ixrac etmək.
Orucu pozmayan şeylər
Ətir vurmaq; çimmək; iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa); göz damcılarından istifadə etmək; suyu udmamaq şərti ilə ağızı və burnu yaxalamaq; dili ilə yeməyin dadını öyrənmək; sürmə vurmaq; tüpürcəyi udmaq (bəlğəmdən başqa); həyat yoldaşını öpmək (cinsi əlaqəyə girməmək şərti ilə).
Ramazan ayında gecə vaxtı yemək-içmək, həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar.
Ramazan ayının 2-ci gününün duası: İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
İmsak: 03:10
İftar: 20:25
Hazırladı: SƏDAQƏT