Artıq yay turizminə start verilib. Hər kəs istirahətini hansı ölkədə, necə keçirəcəyi haqqında düşünür. Ruhuna dinclik, rahatlıq gətirmək, sağlamlığının qayğısına qalmaq istəyən dinindən, irqindən asılı olmayaraq, insanlar rahat bir məkanı – sabitlik adasını, multikultural dəyərlərə önəm verilən ölkəni seçirlər. Dünya xəritəsində ərazi baxımından kiçik görünən, lakin zəngin ehtiyatları, yeraltı və yerüsü sərvətləri, qonaqpərvərliyi ilə seçilən Odlar Diyarında dincəlmək heç şübhəsiz ki, milyonlarla insanın arzusuna çevrilir və hədəf Azərbaycan olur. Bəli, bu gün Azərbaycanın siması dəyişir və gözəlləşir. Azərbaycanın inkişafı, zəngin təbiəti, flora və faunası, 11 iqlimdən 9-nun ölkəmizdə olması turistlərin marşurutunu İpək Yolu üzərində yerləşən Azərbaycana salır.
Ölkənin milli maraqlar zəminində formalaşması, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi, mədəni mövqe dünya məkanında, məhz Azərbaycan ətrafında yüksək imic formalaşdırıb. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən yeraltı sərvəti olan neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə gətirib çıxarır ki, bu da heç şübhəsiz, ölkənin sferasının dəyişməsinə, insanların həyat səviyyəsini yüksəlməsinə gətirib çıxarır. Hər kəsə bəllidir ki, müasir dövrdə qeyri-neft sahələrinin yüksəlişi də ölkə iqtisadiyyatına müsbət təsirin göstərir. Dövlət başçısı Cənab İlham Əliyevin turizmin inkişafını zəruri hesab etməsi də, əlbəttə ki, müəyyən faktora əsaslanır. Məlumdur ki, turizm bütün dünyada ən gəlirli sahələrdən birinə, sürətlə inkişaf edən iqtisadi sektora çevrilib.
DÜNYANIN MƏŞHUR BEŞULDUZLU OTEL BRENDLƏRİNİN CƏMLƏŞDİYİ MƏKAN
Azərbaycan Prezidenti İlham Əliyevin "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nı təsdiqləməsi ölkədə turizmin iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilməsi baxımından vacib sənəd oldu. Azərbaycan regionda, o cümlədən MDB respublikaları arasında turizmin sürətli inkişaf etdiyi ölkələrdən birinə çevrildi. Proqramın həyata keçirilməyə başlanmasından etibarən ölkədə dünyanın aparıcı hotel markaları altında yeni beşulduzlu hotellərin, istirahət mərkəzlərinin və digər turizm infrastrukturunun sayı sürətlə artdı. Beşulduzlu hotellər təkcə Bakıda yox, ölkənin turizm mərkəzlərinə çevrilən bölgələrində də inşa olundu. Eyni zamanda, Prezidentinin Sərəncamı ilə təsdiq edilən regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrıldı, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görüldü və bu gün də davam etməkdədir. Qeyd olunan sənədlər sırasında "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlərin həllini də qeyd etmək yerinə düşər. Bu hüquqi sənədlər ölkəmizdə turizmin inkişafına kifayət qədər müsbət təsirini göstərir. Belə ki, regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamların turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə, ölkəmizin bir sıra regionlarında Lənkəran şəhərinin, Tovuz, Gədəbəy, Oğuz, Qəbələ, Masallı və Astara rayonlarının turizm inkişaf planı hazırlanaraq reallaşıb.
Təkcə 2011-ci ildə Bakıda beş beşulduzlu mehmanxananın açılması dünyada analoqu olmayan hadisəyə çevrildi. Bununla yanaşı, dördulduzlu, üçulduzlu hotellər də istifadəyə verildi. İstifadəyə verilən hotellər dünya standlartlarına uyğun qurulub. Bu siyahıda "Kempinski Hotel-Badamdar", "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Jumeirah", "Sheraton", "Hyatt", yəni, dünyanın səkkiz aparıcı hotel brendinin adı var. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur ki, bu hotellər də Bakıdadır. "Bu gün Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir" deyərkən bu və ya digər reallıqlar nəzərə alınır. Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib və ölkəmizə gələn turistlərin sayı ötən illərlə müqayisədə 5 dəfədən çox artıb. Bu qədər turisti yerləşdirmək üçün ölkəmizdə 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Hazırda Azərbaycan bu sahənin inkişafına görə 140 ölkə arasında 36-cı yerdədir.
Bəli, müasir dövrüzüdə Azərbaycanın inkişafı imkan verir ki, beşulduzlu hotellərin sayı artsın. Hazırda bölgələrdə də ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında - Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Son illərdə "Şahdağ" dağ-xizək kompleksinin yaradılmasını xüsusi qeyd etməliyik. Bu kompleks ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması, mövsümlük anlayışının aradan qaldırılması ilə davamlı turizmə nail olmağa şərait yaratdı. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan Şahdağ qış-yay turizm kompleksinə yarandığı zamandan 50 000-ə (əlli minə) yaxın yeri və əcnəbi turist səfər edib. İl boyu fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzinin internet səhifəsinin istifadəyə verilməsi də bu qədər turist axınına səbəb olan amillərdəndir.
Müasir tələblərə cavab verən kadrların hazırlanmasında Azərbaycan Turizm İnstitutunun rolu əvəzedilməzdir. Təcrübi biliklərini daha da artırmaq üçün tələbələr təkcə ölkəmizdə deyil, dünyanın bir sıra ölkələr - Türkiyə, Şimali Kipr, İsrail, Yunanıstan, Malta, Ukrayna, Rusiya və başqa ölkələrin tanınmış turizm müəssisələrində turizm obyektlərində tanışlıq və istehsalat təcrübələri keçirlər. Ölkəmizdə turizm ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi məqsədilə ATİ Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb, Mingəçevir Turizm Kolleci, Bakı Peşə-Turizm Liseyi fəaliyyət göstərir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sektoruna ayırdığı diqqətin nəticəsidir. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.
AZƏRBAYCANIN BEYNƏLXALQ SƏRGİLƏRDƏ İŞTİRAKININ COĞRAFİYASI GENİŞLƏNİB
Bu, bir həqiqətdir ki, müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan turizm sahəsində də dünya dövlətləri ilə əlaqələrini genişləndirib. Bu gün Azərbaycan Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Turizm Şurası, Demokratiya və İqtisadi İnkişaf Naminə - GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığı davam etdirir. Əgər 2002-ci ildə Azərbaycan cəmi iki beynəlxalq sərgidə iştirak edirdisə, indi sərgilərin coğrafiyası genişlənib. London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Bəhreyn, Daşkənd və dünyanın onlarla şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində ölkəmiz layiqincə təmsil olunur. Hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil edilir. Əgər 2002-ci ildə 5 ölkədən 20 şirkət təmsil olunurdusa, "AİTF-2016"-da 40 ölkədən 200-dən artıq şirkət iştirak edirdi. Bu illər ərzində Azərbaycanda keçirilən beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2200 şirkət iştirak edib.
Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycan Hava Yollarına məxsus təyyarələrin dünyanın bir çox ölkələrinə uçması da, öz növbəsində turistlərin Azərbaycana asanlıqla səfər etmələrinə şərait yaradan səbəblərdəndir. Onu da qeyd edək ki, İstanbulda, BƏƏ-də, Almaniyada və Rusiyada Azərbaycanın turizm nümayəndəlikləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirliklərindən təkcə cari ilin aprel ayında ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2,5 min nəfər təşkil olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur. Müqayisə üçün deyək ki, BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olmuşdur.
Göründüyü kimi, Azərbaycanda turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, yatırılan investisiyalar, xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində, ölkəyə gələn xarici turistlərin sayında hər il artım qeydə alınır. Bu gün Azərbaycan gələn turistlərin sayının ilbəil artmasında həyata keçirilən tədbirlər sırasında reklam-çap məhsullarının - "Turistlər üçün məlumat" kitabçası, "Azərbaycanın otelləri", "Azərbaycanın tarixi və arxitektura abidələri", "Bakının teatr və muzeyləri" bukletləri, "İpək Yolu" və s. təqdiminin əhəmiyyəti qeyd olunmalıdır.
Bu gün Azərbaycan dünya ölkələrinin diqqətindədir və Azərbaycana maraq getdikcə artır. Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri olaraq, qeyd edilməlidir ki, ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpozimlar, müxtəlif görüşlər ölkəmizin tanıdılması istiqamətində uğurlar sırasındadır. Ölkəmizdə uğurla sona yetən "Eurovision-2012" Mahnı Müsabiqəsi, "Bakı-2015" ilk Avropa Oyunları, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və s. Azərbaycanın turizm imkanlarının geniş məkanda tanımasına böyük yollar açır. Abşeron, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ kimi məkanları gəzən, tarixi abidələr və mənzərəli yerlərlə tanış olan qonaqların Azərbaycana olan diqqəti və marağı hər kəsə bəllidir.
Viza rejiminin sadələşdirilməsi də turistlərin Azərbaycana səfərində əhəmiyyət daşıyır. Bu günlərdə isə Prezident İlham Əliyevin "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" imzaladığı Fərmana əsasən, bundan sonra Azərbaycana səfərlə bağlı bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Turistlər ölkəmizə səfər etmək istədikdə "ASAN Viza" portalına müraciət edəcək, bütün zəruri informasiyalarını, sənədlərini təqdim edərək, vizanı portal vasitəsilə elektron formada alacaqlar.
Gözəl təbiəti, gözəl havası olmaqla yanaşı, ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir: "Təsadüfi deyildir ki, son on il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır".
Nəzakət ƏLƏDDİNQIZI
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur