PDF Oxu

Sosial

  • 28

Ana və uşaqların sağlamlığının qorunması beynəlxalq standartlara uyğunlaşdırılır

Ana və uşaqların sağlamlığının qorunması beynəlxalq standartlara uyğunlaşdırılır

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən - səhiyyədən də yan ötməyib. Səhiyyə sahəsində bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından, Azərbaycan müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib.

Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır.Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır. Ana və uşaqların sağlamlığının qorunması məsələsi də dövlətin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilib. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Bu da respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalıb. "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" səhiyyə sahəsində daha bir uğurlu addımdır. Sərəncama perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edir. Dövlət Proqramının əsas məqsədi qadınlara və uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyətini yüksəltmək, onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir. Eyni zamanda uşaqlara, yeni doğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması, yeni doğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədilə neonatal müayinənin aparılması, ana və uşaqların sağlamlığının qorunması sahəsində kadr hazırlığının təkmilləşdirilməsi kimi məsələlər Dövlət Proqramında öz əksini tapıb.

Hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşa yardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlər sırasındadır.

Lakin ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər bu gün də mövcuddur. Belə ki, ölkəmizdə perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşa yardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir. Bütün bunlar, qeyd etdiymiz kimi, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulub. Qeyd olunan proqram çərçivəsində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara bir neçə dəfə ezam olunub, yerli mütəxəssislərə müvafiq kömək göstəriblər. Həkimlərin fəaliyyətlərinin təhlili aparılıb və hesabatlarında problemlərin müsbət həlli üçün müvafiq təkliflər verilib. Təkliflərdən biri də respublikamızda ana ölümlərini azaltmaq məqsədilə qardaş Türkiyə dövlətində tətbiq olunan "Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi"ndən nümunə kimi istifadə etmək olub. Bu layihənin tətbiqi nəticəsində Türkiyənin ən yüksək ana ölümü olan Orta Doğu Anadolu bölgəsində peripartum qanaxmalarla bağlı olan ana ölümləri və travmatizmləri əhəmiyyətli dərəcədə azalıb. Layihə çərçivəsində çanaq cərrahiyəsində qanamanı dayandıra bilən qadın xəstəlikləri və doğum həkimlərinin sayını artırmaq üçün nəzəri və praktik təlimlər keçirilib. Nəticədə, həkim təcrübəsizliyi ilə bağlı olan ana ölümləri 10 dəfədən artıq azalıb. Bu layihənin əsasları, iş prinsipləri ilə respublikamızda çalışan mütəxəssislər tanış olub. Ana və uşaqların sağlamlığının qorunması dövlətin ən prioritet sahələrindən biri olduğundan, bu layihə ölkəmizdə ana ölümünü qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Ölkənin maliyyə imkanlarının çoxalması və həyata keçirilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artması bunun reallaşmasına imkan verir. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir.

ZÜMRÜD

Digər xəbərlər