PDF Oxu

Sosial

  • 25

MÜQƏDDƏS RAMAZAN AYI VƏ ORUC HAQQINDA HƏDİSLƏR

MÜQƏDDƏS RAMAZAN AYI VƏ ORUC HAQQINDA HƏDİSLƏR

"Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız."

Allahın Peyğəmbəri (s): "Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır."

Allahın Peyğəmbəri (s): "Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz".

Allahın Peyğəmbəri (s): "Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər."

Allahın Peyğəmbəri (s): "Ramazan ayının hilalı görünəndə, Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər".

İmam Əli (ə): "Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu: "Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdir". Mən qalxıb ərz etdim: "Bu ayda ən yaxşı əməl nədir? Allahın Peyğəmbəri (s) buyurdu: "Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir".

İmam Baqir (ə): "Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda, Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı: "Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu, bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-Taala onu Öz rəhmətindən uzaqlaşdırar".

İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): "Bu ayda öz canlarınızı zəhmətə və səyə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır".

Allahın Peyğəmbəri (s) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): "Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir".

İmam Sadiq (ə): "Ramazan ayında bağışlanmayan kimsə, Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz."

Allahın Peyğəmbəri (s): "Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər."

Allahın Peyğəmbəri (s): "Hər şeyin zəkatı var, bədənin zəkatı da orucdur."

Allahın Peyğəmbəri (s): "Oruc tutan öz yatağında yatsa belə, müsəlmanın qeybətini etməyincə, Allaha ibadət halındadır."

Allahın Peyğəmbəri (s): "Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar."

Xanım Fatimeyi Zəhra (s.ə): "Allah-Taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir".

İmam Sadiq (ə): "Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcəbdir".

İmam Sadiq (ə): "Oruc tutanın iki sevinci var: bir sevinci iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir".

İmam Sadiq (ə): "Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir".

Ramazan ayının 3-cü gününün düası: İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!

İmsak: 03:09

İftar: 20:26

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər