Son günlər havaların əlverişsiz keçməsinə baxmayaraq, Kürdəmir taxılçıları bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərirlər.Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bölgədə cari ilin məhsulu üçün 39 min 251 hektarda taxıl yetişdirilib. Bunun 13 min 239 hektarı buğda, 26 min 12 hektarı isə arpadır. İlkin olaraq arpa biçilir. Hər hektardan hələlik 21 sentner arpa götürülür.Qısamüddətli yağışlar biçin kampaniyasının ahəngdarlığına mane olsa da, taxılçılar məhsulu tez və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Hər gün zəmilərə 140-dək kombayn çıxarılır. Kombaynların 90-ı kömək üçün kənar yerlərdən gətirilib.Rayonun daha çox taxıl əkilən Qarabucaq qəsəbəsində, Yenikənd, Çöhranlı, Sığırlı, Topalhəsənli və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha sürətlə aparılır.
AZƏRTAC