Dünən YAP Ağdam rayon təşkilatı gənclər birliyi və qadınlar şurasının birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb. O bildirib ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, Ağdam ictimaiyyətinin nümayəndələri də xalqımızın, milli dövlətçiliyimizin tarixinə qırmızı xətlə yazılmış, heç vaxt yaddan çıxmayacaq bir günü - 15 İyun Milli Qurtuluş Gününü, xalqımızın Böyük Oğlu, Dahi Siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının 23-cü ildönümünü qeyd etmək üçün toplaşmışıq: "Çox da uzaqda olmayan 1993-cü ilin iyun hadisələri hamımıza yaxşı məlumdur. Azərbaycan Xalq Cəbhəsinin bir illik hakimiyyəti dövrünün hər anı xalqımıza fəlakət gətirdi. Yüksək vəzifə tutmuş cəbhəçi "bəylərin" üzdəniraq fəaliyyəti nəticəsində, respublikada siyasi, iqtisadi və sosial gərginlik son həddə çatmışdı. Azərbaycan XX əsrin sonlarında, ikinci dəfə əldə etdiyi milli müstəqilliyini itirmək, vətəndaş müharibəsinə yuvarlanmaq, bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə durmuşdur. Ulu Öndər Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti Azərbaycanı bu bəlalardan xilas etmiş oldu".
Gərgin bir dövrdə xalqın təkidi və istəyi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının önəmini tədbir iştirakçılarının diqqətinə çatdıran rayon təşkilatının sədri bunun zamanın tələbi olduğunu bildirib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyətə başlaması Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur.
Tədbirdə YAP Ağdam rayon təşkilatı qadınlar şurasının sədri Mətanət Misirxanova mövzu ətrafında çıxış edərək, 1990-cı illərin əvvəllərində Azərbaycanın ağır günlərini yaşadığını vurğulayıb. O bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində xalqımız bu bəlalardan xilas olub. M. Misirxanova qeyd edib ki, bu gün biz gənclər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, xalqımızı hər yerdə layiqincə təmsil etməliyik.
Tədbirdə YAP Ağdam rayon təşkilatı gənclər birliyinin üzvü Xəyalə Əliyeva, rayon icra hakimiyyətinin məsul işçisi Mehman Mustafayev və YAP fəallarından Hamlet Cəfərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmlənməsindəki rolundan danışıblar.
ZÜMRÜD