Yubiley tədbiri Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən keçirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbir AMEA, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Yubiley mərasimini giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin və mədəniyyətin formalaşmasında mühüm rol oynayan milli ensiklopediyanın inkişaf tarixindən danışıb. O bildirib ki, Azərbaycanda ensiklopediya yaradıcılığının ən parlaq dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Akademik Ulu Öndərin ensiklopediyanın formalaşması sahəsindəki müstəsna xidmətlərini qeyd edib:"Azərbaycan Milli Ensiklopediyasının 50 illik tarixinin böyük bir mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Bu mərhələdə Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası formalaşmış və kadr potensialı gücləndirilmişdir".
Azərbaycan Milli Ensiklopediyasının inkişafında yeni mərhələnin 2004-cü ildən başlandığını qeyd edən akademik Prezident İlham Əliyevin həmin ildə imzaladığı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması və ensiklopediyanın nəşri ilə bağlı tarixi sərəncamları xatırladıb. Bildirib ki, müstəqillik dövründə Azərbaycan Milli Ensiklopediyasının tarixində dönüş nöqtəsi olan bu sərəncamlar əsasında elmi mərkəzin təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, respublikanın bütün elmi potensialının bu işə səfərbər edilməsi sahəsində əməli addımlar atılıb.
Tədbirdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev "Ensiklopediya və maarifçilik" mövzusunda məruzə ilə çıxış edib. T.Nağıyev Azərbaycanda müasir ensiklopediya işinin əsasının 1965-ci ildə qoyulduğunu, "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" Qərarla həmin ilin 30 dekabrında Azərbaycan SSR EA-nın Rəyasət Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının yaradıldığını, xalq şairi Rəsul Rzanın baş redaktor təyin edildiyini qeyd edib. Akademik bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamlara əsasən, Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinə qərar verilib, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradılıb.
Elmi mərkəzin direktoru qeyd edib ki, Azərbaycan Milli Ensiklopediyasının milli koloritini tam şəkildə əks etdirən xüsusi cilddə xalqımızın təşəkkülü və inkişafı son dərəcə obyektiv göstərilib, başqa ölkələrlə tarixi və müasir əlaqələrinə böyük diqqət yetirilib. Yaranmış tələbdən irəli gələrək, həmin nəşrin 2012-ci ildə Almaniyada rus dilində çap edildiyini də vurğulayıb.
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində ölkəmizdə ensiklopediya işinin tarixini əks etdirən maraqlı eksponatlardan ibarət muzeyin açıldığını qeyd edən akademik dövlətimizin diqqət və qayğısından ruhlanan ensiklopediya əməkdaşlarının müstəqillik dövründə qazanılmış nailiyyətləri əks etdirən məqalələr üzərində şövqlə, daha böyük inam və əzmlə çalışdıqlarını vurğulayıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin "Texnika, neft, mədən işləri, informatika, elektronika" redaksiyasının müdiri Gülbəniz Qocayeva çıxış edərək, nəşrin Azərbaycanın müstəqil dövlət kimi inkişafını, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi kimi mühüm rolundan danışıblar.
Tədbirdə, həmçinin Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin bir qrup əməkdaşına AMEA-nın Fəxri fərmanları təqdim edilib.
ZÜMRÜD