PDF Oxu

Sosial

  • 29

MİLLİ QURTULUŞ - UĞUR VƏ ZƏFƏRLƏRƏ DOĞRU

MİLLİ QURTULUŞ - UĞUR VƏ ZƏFƏRLƏRƏ DOĞRU

Bu, 15 iyundan başlanan müstəqilliyimizin zəfər yürüşüdür

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun, sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.

1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir!

Ulu Öndər Heydər Əliyev: "1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı"

1993-cü ilin yayında AXC-Müsavat hakimiyyət böhranı getdikcə kəskin xarakter alırdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

1993-cü ildə xalqın tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Dahi Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur.

Milli Məclisin tarixi qərarından: "Bu, sözün əsl mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi"

Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".

Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq, gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Xalqımızın milli qurtuluşunda Yeni Azərbaycan Partiyasının danılmaz rolu vardır

Tarixin enişli-yoxuşlu günlərində - 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə, qurtuluş və tərəqqinin, inkişafın simvoluna çevrilib. Hansı ki, YAP müxalifət partiyası kimi yaranmışdı. Lakin YAP xalqa qarşı müxalifətdə deyildi, xalqın mənafeyinə uyğun şəkildə addımlar atırdı. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə yaranan partiya xalqın sevdiyi, etimad göstərdiyi bir mükəmməl, güclü və qüdrətli siyasi təşkilata çevrildi.

Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin və dühasının qüdrətindən xəbər verir.

Milli qurtuluş yolu Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur

Dahi Öndər Heydər Əliyev tərərfindən azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik yaradılması istiqamətində ardıcıl addımlar atılmışdır. Dünyanın müxtəlif qitələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək, onların dil, əqidə və əməl birliyini möhkəmləndirmək məqsədilə Bakıda dünya azərbaycanlılarının qurultayları keçirilmişdir. Şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə illərdir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".

Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu, onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

Prezident İlham Əliyev: "Ona zaman da qalib gələ bilmədi"

"...Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə,yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi!"

Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini saxlamaqdadır və saxlayacaqdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın döyünən ürəyinə və mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki Ümummilli Lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyalaları başda dövlət başçımız İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Milli Qurtuluş Günün mübarək, AZƏRBAYCAN!

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini

Digər xəbərlər