PDF Oxu

Sosial

  • 35

Ermənistan hakimiyyəti yeni ittifaq axtarışında

Ermənistan hakimiyyəti yeni ittifaq axtarışında

Sarkisyan ona ediləcək xəyanətdən qorxur

2-5 aprel tarixlərində cəbhədə gedən döyüşlər Ermənistanı yaman silkələyib. Elə bu səbəbdən də Ermənistan hakimiyyəti yeni ittifaq axtarışındadır. Xüsusilə də, son vaxtlar Ermənistan prezidenti Serj Sarkisyan keçmiş prezident Levon Ter-Petrosyanı ələ almaq məqsədi ilə ona tez-tez zəng edir. Bu barədə Ermənistanın "Joxovurd" qəzetinin məlumatına görə, "dördgünlük müharibə" zamanı Petrosyanla görüşən Sarkisyan həmin görüşdən sonra daha sıx şəkildə Levonla əlaqə saxlayır: "Sarkisyanın Levonla tez-tez nəyi müzakirə etdiyi dəqiq məlum deyil. Lakin ekspertlər bir sıra ehtimalları irəli sürürlər".

Belə ki, ekspertlərin fikirlərinə görə, "dördgünlük müharibə" Serj Sarkiasyanın kreslosunu laxladıb və bundan istifadə edərək, hakimiyyətə gəlmək istəyən Koçaryana qarşı Petrosyanla yaxınlaşmaq niyyətindədir.

Qəzetin məlumatına görə, bu günlərdə axşam saatlarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryana məxsus malikanəyə qumbara atılıb. Ermənistan mediası xəbər verir ki, qumbara atan şəxslərin kimliyi məlum deyil. Məlumata görə, hadisə Yerevanın İsakova prospektində baş verib. Hücum zamanı xəsarət alan olmayıb. Hadisənin detalları məlum olmasa da, bunun siyasi mesaj olduğunu düşünənlər var. Belə ki, R.Koçaryanın yenidən hakimiyyətə qayıtmaq üçün hərəkətə keçdiyi deyilir. Atılan qumbara da məhz Serj Sarkisyan klanının ona mesajı kimi qiymətləndirilir. Hadisə baş verən zaman Koçaryanın Moskvada səfərdə olması da diqqətdən yayınmır.

Ekspertlərin sözlərinə görə, "dördgünlük müharibə"də Serj Sarkisyan hakimiyyətinin idarə etdiyi Ermənistana digər ölkələrdən dəstək gəlmədi. Bu isə, Sarkisyan hakimiyyətinin ölkənin təklənməsi ilə nəticələnən siyasət yürütdüyünü sübut etdi. İndi Sarkisyan keçmiş prezidentlə tez-tez əlaqə yaratmaqla ölkə daxilində monolitliyi bərpa etmək istəyir. Bu, həm də onun öz hakimiyyətini qorumaq məqsədi daşıyır.

Siyasi proseslələrin təhlili göstərir ki, Sarkisyan Koçaryanın daimi tənqid hədəfi olub. Xüsusilə də, Ermənistanda baş verən dərin iqtisadi böhrana görə də Sarkisyanın reytinqi azaldıqca, Koçaryanın hakimiyyət iddiası daha da artmaqdadır. Məhz istəyinə nail olmaq məqsədi ilə o, siyasi partiyaları ətrafında toplayaraq həm prezident, həm də parlament seçkilərində qələbə çalmağa çalışır.

Ekspertlər bildirirlər ki, Sarkisyan da siyasi karyerasını xilas etmək üçün keçmiş prezident Levon Ter-Petrosyanla tez-tez görüşməyi düşünür. Baş verən hadisələrə əsaslanaraq, Levon Ter-Petrosyan Koçaryanın ən təhlükəli fiqur olduğunu bilərək, onun yenidən siyasi arenaya qayıtmasını nə bu gün, nə də ötən illərdə istəməyib. Beləliklə, "bir güllə illə iki dovşan vuran" Petrosyan müvəqqəti taktika istiqamətini əsas tutuaraq, Sarkisyanla ittifaq qurmaqla, Koçaryanın hakimiyyətə gəlmək istəyini əngəlləmək istəyir.

Vahan Badasyan: "Ermənistanın indiki hakimiyyəti məğlubiyyətçi, laqeyd mövqe tutub"

Ermənistanda baş verən son hadisələr hakimiyyətin çox düyünlərini açdı. Belə ki, veteran Vahan Badasyan Yerevandakı "Lragir" qəzetinə bir çox məsələlər aydınlıq gətirib. Xüsusilə də, Ermənistan prezidentinin hakimiyyətdə olduğu illər ərzində məqsədi ancaq xalqı aldatmaq olub: "Ermənistan prezidenti Serj Sarkisyan dedi ki, aprel ayındakı "dördgünlük müharibə"də 800 hektar ərazi itirdik və bu ərazilər nə taktiki, nə də strateji baxımdan önəmli deyil... Çünki Sarkisyan, həmişə olduğu kimi, yenə də yalan danışır. Sarkisyan məğlubiyyətçi, laqeyd mövqe tutub. Mediaya baxın, görün hakimiyyətdəkilər, nazirlər, deputatlar adi vətəndaşlarla necə danışırlar. Onlar bizi adam saymırlar, yalnız varlanmağı, xalqı və dövləti qarət etməyi, aldatmağı düşünürlər.

Hakimiyyət piramidası tamamilə bivec və faydasızdır. Halbuki üzləşdiyimiz problemləri həll etmək üçün koordinasiyaya, birgə fəaliyyətə ciddi ehtiyac var. Bəlamız odur ki, hakimiyyət xalqı düşünmür. Dağlıq Qarabağdakı səngərlərdə Ermənistanın nazirlərinin, deputatlarının, məmurlarının və varlılarının övladları yoxdur".

Vahan Badasyan çıxış yolunu Sarkisyanın tutduğu vəzifədən istefa verməsində gördüyünü bildirib. "Belə prezident üz qarasıdır" deyir.

Beləliklə, cəbhə bölgəsində 4 günlük döyüşlər olmasaydı, Ermənistanda bütün bunlar yaşanmayacaqdı, ya da seçkiyə yaxın yaşanacaqdı. Bu proseslər həm də Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı işğalçı qüvvələri daima təzyiq altında saxlamasının doğruluğunu göstərir.

A.SƏMƏDOVA

Digər xəbərlər